İmişlidə evdə yanğın oldu
Rusiya xarici işlər naziri Sergey Lavrov Ankaradadır.
Qutb.az-ın məlumatına görə, Lavrovun səfəri Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin dördüncü ildönümünə təsadüf edib.
Səfər çərçivəsində Lavrov Türkiyə xarici işlər naziri Hakan Fidanla bir araya gəlib. Rusiya diplomatının prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.
Türkiyə və Rusiya xarici işlər nazirləri arasında keçirilən görüşlərdə əsas müzakirə mövzusu Ukrayna müharibəsinin dayandırılması üçün diplomatik təşəbbüslər olub. Hakan Fidan Türkiyənin bu məsələdə vasitəçi rolunu oynamağa hazır olduğunu bildirib. O, ABŞ-nin başlatdığı və sülh danışıqları yolu ilə müharibənin bitməsini hədəfləyən yeni təşəbbüsə Türkiyənin dəstək verdiyini vurğulayıb.
Lavrov isə çıxışında Rusiya üçün əsas şərtləri bir daha xatırladıb: "Ukraynanın NATO-ya üzv olmaması bizim üçün qırmızı xətdir." Lavrov həmçinin, Ukrayna münaqişəsinin əslində Qərbin təxribatı nəticəsində yarandığını iddia edib və müharibənin başlanmasında Rusiyanın günahkar olmadığını müdafiə edib.
Bundan əlavə, görüşlərdə İsrail-Fələstin münaqişəsi, Suriya məsələsi və Türkiyə-Rusiya ikitərəfli münasibətləri də gündəmdə olub.
Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Lavrovun sözlərinə görə, Fidanla görüşdə Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə baxılıb.
“Tərəflər arasında etimadın möhkəmləndirilməsi, infrastrukturun, nəqliyyat kommunikasiyalarının bərpası məsələsinə, eləcə də Cənubi Qafqazda “3+3” əməkdaşlıq platforması çərçivəsində birgə fəaliyyətə ayrıca diqqət ayırdıq”, - Rusiya XİN başçısı vurğulayıb. Lavrov ümumilikdə Fidanla görüşün çox faydalı keçdiyini qeyd edib.
Müzakirələr fonunda Ukrayna prezidenti Volodimir Zelenski də sülh mövzusunda rezonans doğuran açıqlama verib. O, ölkəsinə sülh və NATO üzvlüyü təmin olunarsa, prezident postunu tərk edə biləcəyini bildirib. Bu bəyanat Donald Trampın onu "diktator" adlandırmasından sonra səsləndirilib. Lavrov isə Trampın da Ukraynanın NATO-ya qəbul edilməsinin səhv olduğunu düşündüyünü iddia edib.
ABŞ və Rusiya arasında başlanan danışıqlar fonunda diqqət indi Ukrayna və Rusiya arasında mümkün sülh müqaviləsinin konturlarına yönəlib. Sual yaranır: razılaşma hansı şərtlərlə əldə edilə bilər? Ukrayna işğal olunmuş ərazilərinin, o cümlədən Krımın qaytarılmasını əsas şərt kimi qoysa da, Rusiya bu ərazilərdən geri çəkilmək niyyətində olmadığını bəyan edir.
Türkiyə prinsip etibarilə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Fidan müsahibələrində vurğulayıb ki, müharibə dövründə çətin və "arzuedilməz" qərarlar qəbul etmək lazım gəlir. Bu isə, mümkün kompromislərin ola biləcəyi ehtimalını gücləndirir.
Lavrov və Fidanın görüşündə diqqət çəkən başqa bir mövzu Suriya olub. Yeni hökumətin qurulduğu Suriyada sabitlik üçün hansı addımların atılacağı müzakirə edilib.
Rusiyanın Suriyadakı əsas marağı Tartus və Hmeymim bazalarını qorumaqdır. Moskva yeni Dəməşq hökuməti ilə ilk əlaqələrini qurub və Ankara ilə koordinasiyanı davam etdirmək istəyir.
Beləliklə, Türkiyə Ukraynadakı sülh danışıqlarında fəal rol oynamağa hazır olduğunu bəyan etsə də, tərəflərin mövqeləri hələ də kəskin şəkildə fərqlənir. Rusiya Ukraynanın NATO-ya üzv olmaması şərtini irəli sürür, Ukrayna öz ərazi bütövlüyündən geri çəkilmək istəmir. Gələcək danışıqlarda beynəlxalq güclərin, o cümlədən Türkiyənin vasitəçilik səylərinin necə nəticə verəcəyini zaman göstərəcək.