29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Selektiv abortlar ARTIR: "Ciddi formada ölçü götürülməlidir" - SOSİOLOQDAN ETİRAZ

25 noy 2024 19:19
GÜNDƏM
ads

Azərbaycanda selektiv abortlar, adətən cinsə görə edilən abortlar kimi tanınır. Bu, xüsusilə oğlan uşaqlarının qız uşaqlarına nisbətən daha çox arzu edildiyi cəmiyyətdə bir problem kimi ortaya çıxır. Selektiv abortların artması, gender bərabərsizliyini daha da dərinləşdirir və cəmiyyətdəki cinsiyyət nisbətlərini pozur. Statistikalar həyəcan təbili çalmağı tətikləyir.


Mövzu ilə bağlı QUTB.AZ-a danışan sosioloq Lalə Mehralının sözlərinə görə, selektiv abortların həyata keçirilməsi ölkəmizdə qadağan olsa da, buna qanuna nə tibb işçiləri, nə də vətəndaşlar əməl edir:

"Cinsiyyərət 13-cü həftədə bilinir və bu həftədən sonra abort qanunla qadağan olunduğu halda bunu reallaşdırırlar. Uşağın cinsinin qız olduğuna, ailənin oğlan arzu etməsinə görə və ya planlaşdırılmamış hamiləlik olduğuna görə abortlar edilir. Əksər hallarda planlaşdırılmamış hamiləlikdə cinsi qız olarsa, körpələr ana bətnində məhv edilir, amma oğlan olsa dünyaya gətirilir. Əslində həm vətəndaşlar, həm də tibb işçiləri tərəfindən qanun ikitərəfli pozulur. Bununla bağlı çox ciddi qadağalar həyata keçirilməlidir. Çünki Azərbaycan selektiv aborta görə dünyada ən yüksək pillədədir. Bu o deməkdir ki, yaxın gələcəkdə ölkədə qız uşaqlarının sayında ciddi formada azalmalar müşahidə ediləcək. Azalmalar indi də müşahidə edilir, amma yaxın bir neçə ildə bununla bağlı narahatlıqlar meydana çıxacaq. Hazırda oğlan uşaqlarının sayı qız uşaqlarına nisbətən çox olduğuna görə artıq hansı təhlükənin bizi gözlədiyini proqnozlaşdırmaq olar".


Sosioloq vurğuladı ki, insanlar bir şeyi anlamırlar ki, qız və ya oğlan olmasından asılı olmayaraq bir insanın qətlə yetirilməsi cinayətdir:


"Bu insan doğulmuş da olsa, ana bətnində də olsa belədir. Artıq 4-cü həftədən ana bətnində insanın ürəyi formalaşır. Ürəyi döyünən, şəxsiyyət kimi formalaşan biri doğulmamış olsa belə insandır və onun ana bətnində olsa da qətl edilməsi yolverilməzdir. Abort qətliamdır və bunu hamı qəbul etməlidir. Uşaqların ana bətnində qətl edilməsi insanlığa yaraşmayan haldır. Selektiv abort məsələsini bir tərəfə qoysaq belə, qız və ya oğlan olmasından asılı olmayaraq abort cinayətdir. Ciddi formada ölçü götürülməlidir. Ultrasəs müayinələrində (USM) uşaqların cinsinin deyilməsi qadağan edilməlidir. Ailələr müəyyən həftəyə qədər doğulacaq uşağın cinsiyyətini bilməməlidir. Bununla bağlı əvvəllər qadağalar edilirdi, lakin çox az müddət tətbiq edildi və həkimlər rüşvət müqabilində yenə də cinsiyyəti deyirdilər. Bu da selektiv abortlara yol açırdı. Qadağanı təkrar qüvvəyə mindirmək lazımdır. Ciddi formada müzakirə edilməli və bu qadağanın işləmə mexanizmi hazırlanmalıdır. İnsanlar bilməlidir ki, dünyaya gəlmədən öz övladlarını qətl etdirmək onlara nəyə başa gələcək və qanun qarşısında hansı öhdəlikləri daşıyırlar". 




Lalə Mehralı problemin dərinləşməsinin törətdiyi fəsadlardan bəhs etdi: 


"Genefondun zədələnməsinə səbəb olur. Çünki genefondu formalaşdıran amillər insan sağlamlığı, cinslərin bərabərliyi fizioloji və psixoloji sağlam nəsildir. Əgər dəfələrlə abort olunmuş qadın sonra hamilə qalırsa və dünyaya uşaq gətirmək qərarına gəlirsə, ciddi formada onun bətnində və uşağın sağlamlığında deformasiyalar əmələ gələ bilər. O cümlədən həmin qadının psixoloji və fiziki sağlamlığı genefond üçün təhlükəlidir. Yəni öz balasını göz görə-görə qətl etdirən birinin sağlamlıq və psixologiyasından danışmağa dəyməz. Ona görə də bu sistemin özündə ciddi formada inqilab etmək lazımdır. Abortu həkim komissiyasından keçmədən reallaşdırmaq qəti qadağan olunmalıdır. Həkim komissiyası da USM də rüşvətlə cinsiyyət deyən həkimlərin insafına buraxılmamalıdır. Yəni həqiqi vicdanlı komissiya üzvləri olmalıdır ki, tibbi göstəriş olmadan uşaqları abort etməsinlər. Ciddi göstəriş də körpənin dünyaya gəlməsində ananın və körpənin həyatında problem yarada biləcək olmasıdır. Həmin məsələlər müzakirə edilməli və komissiya ümumilikdə rəy verməlidir".

Teglər
Müəllif : Aynur Babayeva
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur