Samuxda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Qutb.az xəbər verir ki, anım günündə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin Samux şəhəri Heydər Parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və əziz xatirəsini böyük ehtiramla yad ediblər. Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətə gələn hər bir şəxs ürəyində böyük sevgi, sonsuz məhəbbətlə bu izdihama qatılmışdı.
Mərasimdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev ümummilli lider, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğundakı fəaliyyətindən bəhs edib. Bildirilib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə misilsiz işlər görülüb, çoxşaxəli köklü islahatlar həyata keçirilib.
Vətənini, xalqını sonsuz məhəbbətlə sevən, qətiyyəti, müdrikliyi ilə milyonlarla insanı öz ətrafında birləşdirməyi bacaran, dahi şəxsiyyət, Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcək.
Anım mərasimi ilə əlaqədar Samux rayonunun Ziyadlı kəndində Samux-Kür yolunda ağacəkmə aksiyası keçirilib. Aksiyada rayonun iqlim şəraitinə uyğun gələn 300 ədədə yaxın həmişə yaşıl ağaclar əkilibdir.



