Amerikalı sosioloqlar Rusiya mobil operatorlarının məlumatlarından istifadə edərək Rusiya Federasiyasında və Rusiya tərəfindən işğal olunmuş Krımda yaşayan 1046 yetkin rusiyalı arasında sorğu keçiriblər.
Publika.az xəbər verir ki, Çikaqo Universitetinin (NORC) nəzdində fəaliyyət göstərən Milli Rəy Öyrənmə Mərkəzi müstəqil sorğunun nəticələrini açıqlayıb.
Nəticələrə əsasən Rusiya prezidenti Vladimir Putin Rusiyada iqtisadi şəraitin və həyat səviyyəsinin pis olmasına baxmayaraq, öz rejiminə və Ukraynadakı müharibəsinə güclü daxili dəstəyi saxlayır. Sorğunun nəticələrinə görə, iştirakçıların 67%-i Putinin xarici siyasətini, 58%-i isə onun daxili siyasətini bəyənir. 66% isə martda keçiriləcək prezident seçkilərində Putinə səs verməyi planlaşdırır.
Sorğular rusların yaşayış şəraitinin ümumi pisləşməsinə səbəb olan qiymət artımından narazı olduqlarını göstərsə də, Putinin nisbətən yüksək reytinqi hələ də davam edir.
Sosioloqlar həmçinin qeyd ediblər ki, iştirakçıların 63%-i Ukraynadakı müharibəni dəstəkləyir və respondentlərin 64%-i müharibəni “Rusiya ilə Qərb arasında sivilizasiya mübarizəsi” kimi qiymətləndirir.
Müharibənin Tədqiqi İnstitutu qeyd edib ki, bu nəticə Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinə dəstəyin azaldığını göstərən digər müstəqil Rusiya sorğuları ilə ziddiyyət təşkil edir.
Sorğu 2023-cü ilin noyabrında keçirilib və 1046 yetkin rusiyalı iştirak edib. Sorğu mobil rabitə vasitəsilə rusdilli insanlar tərəfindən aparılıb. Statistik səhv 3,4%-dən çox deyil.
Qeyd edək ki, oktyabr ayında Rusiyanın analitik xidməti "Levada" Mərkəzinin sorğusunda iştirak edən rusiyalıların 70%-i hazırkı prezidenti dəstəkləməyə hazır olduğunu bildirib. Yalnız bir şərtlə: Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmalıdır.
Cəmilə