Məktəblərdə keçirilən “Son zəng” tədbirləri illərdir davam edən bir ənənə olsa da, son dövrlər bu tədbirlərdə müşahidə olunan ifrat hallar cəmiyyətin narahatlığına səbəb olub. Bunu Qutb.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
Onun sözlərinə görə, bəzi məktəblərdə tədbirlər artıq təhsil mühitindən uzaq, şou xarakterli məzmuna çevrilib:
“Əslində hər iki tərəfi başa düşmək mümkündür. Bir tərəf haqlı olaraq bildirir ki, məktəblərdə bu qədər ifrat çal-çağır təhsil sistemi üçün faydasızdır. Bu, əlavə maddi yük, ətraf mühitin narahat edilməsi və gərəksiz prosedurlar deməkdir. "Son zəng" öz mahiyyətinə görə şagirdlərin məktəblə vidalaşdığı emosional bir mərasimdir. Amma son illər bu mərasim bəzi hallarda həddini aşıb”.
Sosioloq qeyd edir ki, bəzi məktəblərdə 11-ci sinfin ilk günündən “Son zəng” üçün pul yığımı başlayır. Xüsusi geyimlərin tikilməsi, bəzən isə tədbirlərdə ifa olunan rəqs və musiqi nömrələrinin etik qaydalara uyğun gəlməməsi də ciddi narahatlıq doğurur:
“Bəzi geyimlər nə məktəbə, nə də tədbirin mahiyyətinə uyğun gəlir. Eləcə də səhnələşdirilən tamaşalar, meyxana və bayağı musiqi parçaları tədbirin dəyərini aşağı salır. Təhsil müəssisələri bu məsələlərə diqqət etməlidir. Əgər bir məktəb bu istiqamətdə nümunəvi tədbir təşkil edərsə, digərləri üçün də örnək ola bilər”.
Lalə Mehralının fikrincə, “Son zəng” tədbirləri daha çox milli musiqi və rəqslərlə, sadə və səmimi şəkildə keçirilməlidir:
“Milli dəyərləri qoruyaraq keçirilən tədbir həm şagirdlər üçün yaddaqalan olar, həm də valideynlər və məktəb rəhbərliyi üçün rahatlıq yaradar. Aidiyyəti qurumların bu məsələdə nəzarəti gücləndirməsi və məktəblərə konkret tövsiyələr verməsi vacibdir. Bu, gələcək illərdə də digər məktəblər üçün nümunə təşkil edər”.
Sosioloq əlavə edib ki, bu cür yanaşma həm məktəb mühitində pozitiv təsir yaradacaq, həm də ictimai narahatlıqların qarşısını alacaq:
“Sakit, mədəni və mənəvi zənginlik daşıyan tədbirlər həm şagirdin yaddaşında iz buraxacaq, həm də ətraf mühitə hörmət nümunəsi olacaq”.
Elm və təhsil nazirnin əmrinə əsasən, bu il "Son zəng" iyunun 14-də keçirləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda "Son zəng" tədbirlərində iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb. Bildirilib ki, şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir.