Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan ediləcək. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Buna səbəb isə qohum evliliklərinin bir sıra fəsadların meydana çıxmasıyla nəticələnməsidir.
Onu da qeyd etmək lazımdır ki, ailə quran şəxslər arasındakı qan bağlılığının dərəcəsi artdıqca, fəsadların meydana çıxma riski və həcmi daha da böyüyür.
Həm rəsmi qurumların, həm də ekspertlərin bu barədə məlumatlarında bildirilir ki, Azərbaycanda qohum evliliklərinin sayı hər gün bir qədər də artır. Məhz bu səbəbdən də artıq qadağanın tətbiqi gündəmə gəlib.
Mövzu ilə bağlı sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub Publika.az-a açıqlama verib.
O qeyd edib ki, sözügedən qanunun qəbulu üçün tutarlı səbəb olmalıdır:
“Həmin səbəblər isə mütləq əsaslandırılmalıdır. Bunlardan biri qohum evlilikləri zamanı problemli uşaqların doğumudur. Çünki qohum evliliyindən doğulan uşaqlar digərlərinə nisbətən daha problemli olurlar. Bir sözlə, qanunun məqsədi hələ də tam aydın deyil. Əgər əsas məsələ sırf budursa, bunun üçün ailə qurmaq istəyən şəxslər tibbi müayinədən keçə bilərlər. Əgər icazə verilərsə, nikah bağlana bilər. Bütün hallarda bunun əleyhinəyəm və bu qanunun qüvvəyə minməsinin səbəbini tam anlamıram”.
Sosioloq hesab edir ki, qohum evliliklərinin qadağan olunması digər problemlərə yol aça bilər:
“Bu zaman qeyri-rəsmi nikahların sayında da artım ola bilər. Nə bu qanunun qüvvəyə minməsi ilə, nə də bu işin təbliğatının aparılması ilə razıyam. Mütləq şəkildə bir neçə səbəb göstəriliməlidir. Əgər tək səbəb qohum evliliklərindən doğulan uşaqlarda problem olma ehtimalıdırsa, bunu nikahdan əvvəl müayinə etmək mümkündür. Həmçinin bu, insanların hüquq azadlığının qarşısını alan faktdır. İnsanların seçim azadlığı olmalıdır. Ona görə buna qarşı nəsə zidd hərəkət etmək doğru deyil. Elə cəmiyyətdə yaşayırıq ki, hər kəs istədiyi şəxslə ailə qura bilər. Bütün hallarda qohum evliliklərinin qadağan olunmasına zərurət görmürəm”.
Aysel Şahmar