Nüvə təhlükəsindən ən az narahat olan İran və Ermənistan sakinləridir, bundan ən çox qorxanlar isə İndoneziya və Nigeriyada yaşayır.
Publika.az xəbər verir ki, bu statistika “Gallup International” təşkilatının “İlin sonu” qlobal sorğusunun ümumi nəticələrində yer alıb.
Sorğu 40 ölkədə 40 min respondent arasında keçirilib. Sakinlərin nüvə təhlükəsini minimal hesab etdikləri ölkələr arasında İran və Ermənistan liderlik edir. Orada nüvə silahından istifadə ehtimalının aşağı olması fikrini respondentlərin müvafiq olaraq 33% və 30%-i bölüşür.
Dünya üzrə respondentlərin beşdə ikisi (40%) nüvə silahından istifadə riskini yüksək hesab edir. Demək olar ki, bərabər pay (37%) bu riski orta dərəcədə qiymətləndirir və yalnız 14% nüvə silahından istifadə riskini görmür. Qalanları cavab verməkdə çətinlik çəkiblər.
Bu sorğuya görə, ruslar özlərini ortada tapıblar - Rusiya sakinlərinin 20%-i təhlükəni yüksək hesab edir.
"Rusiya bütövlükdə nüvə təhlükəsi məsələsinə kifayət qədər optimist münasibət nümayiş etdirir. Beləliklə, 20% riskin yüksək olduğunu, 40% təhlükəni orta, 11% isə aşağı risk kimi qiymətləndirdiyini qeyd edib.
Nüvə təhlükəsi riskini amerikalıların üçdə biri (34%) yüksək, 52%-i orta, 9%-i isə aşağı hesab edir”, - analitiklər hesablayıblar.
Nüvə silahından istifadə ilə bağlı ən çox bədbin fikirlər İndoneziya və Nigeriya - hər birində 72%, Ekvador və Suriyada - 69%, Argentina - 68% kimi ölkələrdə müşahidə olunur. İtaliyada respondentlərin üçdə ikisi (67%) mümkün nüvə təhlükəsini yüksək ehtimal kimi qiymətləndirib.
Tural