Naxçıvanda qızın 50 min manatlıq cehizini oğurlayan iki gəncə hökm oxunub.
Publika.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində Naxçıvan şhər sakini, 1993-cü il təvəllüdlü Qadir Cəfərov və 1996-cı il təvəllüdlü İbrahim Cəfərzadə Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.
Araşdırmalar zamanı məlum olub ki, Naxçıvan şəhərində yaşayan S.Həşimova yeni ili övladları ilə birgə qarşılamaq məqsədilə Bakı şəhərinə gedib. Bundan sonra onun evində kimsənin olmadığını öyrənən Qadir və İbrahim evdən oğurluq etmək qərarına gəliblər. Onlar dekabrın 24, 25 və 26-da S.Həşimova məxsus evə gizli şəkildə daxil olaraq ev sahibinin qızının toyu ilə əlaqədar alınmış 50 min manatlıq cehizlik əşyaları hissə-hissə daşıyaraq oğurlayıblar. Həmçinin mənzildə saxlanılan 10 min manat pul da onlar tərəfindən götürülüb.
Oğurluğa görə həbs edilmiş gənclər bildiriblər ki, mənzildən oğurladıqları əşyaları dəyər-dəyməzinə satıblar. Dekabrın 30-da isə evin talanması məlum olub və Naxçıvandan S.Həşimova zəng edərək onun evinin yarılması barədə məlumat veriblər. Təcili bilet alan S.Həşimov həmin gecə Naxçıvan şəhərinə qayıdıb və evinin tamamilə dağıdıldığını görüb.
Məhkəmədə təqsirləndirilən şəxslər azad olunduqdan sonra dəymiş ziyanı işləyərək qaytara biləcəklərini deyiblər.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qadir Cəfərov və İbrahim Cəfərzadənin hər biri azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onların bədəninə electron qolbaq yerləşdirilib.
Hər iki gəncin yaşadıqları ünvanı gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməməsi, Naxçıvan şəhəri ərazisini tərk etməməsi üzərlərinə qanuni vəzifə kimi qoyulub.