Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu yeni açıqlaması ilə diqqət çəkib. ATV-də yayımlanan “Rəngarəng səhər” verilişinə bugünlərdə qonaq olan şair sevginin patologiya, normadan kənar bir hal olduğunu dilə gətirərək, böyük sevgi qarşısında qadının məntiqini, ağlını itirdiyini vurğulayıb.
Bəs psixoloq bu barədə nə düşünür? Doğurdanmı qadın sevərkən ağlını itirir? Sevgi hissi psixoloji olaraq qadına necə təsir edir?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan psixoloq Ülviyyə Murtuzova deyib ki, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun yanaşması kreativ, eyni zamanda çox sərtdir.
O, şairin fikirləri ilə razı olmadığını dilə gətirib: “Bu yanaşma bir az kreativ bir yanaşmadır. Hətta patologiya bağlanacaq qədər sərt bir yanaşmadır. Mən bu cür yanaşmanın tərəfdarı deyiləm. Mən, sevgi zamanı qadınların ağlının, məntiqinin itirməsini deməzdim. Bu biraz sərt səslənir”.
Psixoloq Ü.Murtuzova söyləyib ki, qadınlar öz sevgisini və bütün duyğusal hisslərini bir nəfərə yönəltməkdə maraqlıdırlar: “Qadınlar həssas, çılğın olur və emosionallaşırlar. Çünki onlar, sevgini və bütün duyğusal hisslərini bir nəfərə yönlətməkdə maraqlı olurlar. Beləliklə, qarşı tərəfdən onlara verilən sevginin qarşılığını istəyir, diqqətcil və qayğıkeş davranmalarını arzu edirlər. Hər an onlardan özü haqqında düşünmələrini, onlarla maraqlanmalarını istəyirlər. Əgər bu hərəkətlər qarşı tərəfə qeyri-adi gəlirsə, o demək deyil ki, bu, patologiyadır”.