“Vaqner”in təsisçisi Yevgeni Priqojinin Rusiya Müdafiə Nazirliyində generalların həbsində əli ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “Tsarqrad” öz mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, Priqojin Rusiya prezidenti Vladimir Putinlə görüşlərinin birində ona cəbhədəki real vəziyyət barədə məlumat verib.
Jurnalistlərin fikrincə, bir versiyaya görə, Müdafiə Nazirliyinin rəhbərliyinin dəyişdirilməsi məsələsi 2022-ci ilin dekabrından, Priqojinin bir sıra təhqiramiz bəyanatlar verdiyi vaxtdan kəskinləşib. Qeyd olunur ki, PMC-nin təsisçisi situasiyaya diqqət çəkmək üçün təxribatçı üsullardan istifadə edib. Jurnalistlər iddia edirlər ki, bundan sonra o, “Vaqner” komandirləri ilə birlikdə dövlət başçısı ilə görüşə bilib.
Görüş 2023-cü il iyunun 29-da Kremldə baş tutub. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin “Vaqner” rəhbərliyindən 35 nəfəri görüşə dəvət edib və şirkətin cəbhədəki hərəkətlərini qiymətləndirib.
Bununla yanaşı, jurnalistlər iddia edirlər ki, Priqojin təkcə vəziyyətlə bağlı öz versiyasını açıqlamayıb, həm də dövlət başçısına xüsusi hərbi əməliyyat zonasında işlərin real vəziyyəti barədə məlumatların yer aldığı müəyyən qovluğu da verib.
Rusiya Müdafiə Nazirliyində yüksək rütbəli hərbçilərin bir sıra həbsləri aprel ayında müdafiə nazirinin müavini Timur İvanovun həbsi ilə başlayıb. O, xüsusilə böyük miqyasda rüşvət aldığına görə iş yerində saxlanılıb.
Daha sonra, may ayında Rusiya Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi Yuri Kuznetsov saxlanılıb. İstintaqın məlumatına görə, o, iş adamlarından onların xeyrinə müəyyən hərəkətlər etdiyinə görə rüşvət alıb.
Kuznetsovun həbsindən sonra iki həftə ərzində Rusiya Silahlı Qüvvələrinin 58-ci Ordusunun keçmiş komandanı İvan Popov və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Kommunikasiya İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini Vadim Şamarin da saxlanılıb. Onlar müvafiq olaraq oğurluq və rüşvətxorluqda ittiham olunurlar.
Tural