Prezident Vladimir Putin bu ilin oktyabrında Kazanda keçiriləcək BRİKS sammitində İranın yeni prezidenti Məsud Pezeşkianla görüşməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib .
Onun sözlərinə görə, Pezeşkian artıq sammitə dəvət alıb.
“Biz ümid edirik ki, yeni prezident sammitə gələcək. Biz onu görməyə şadıq və prezident Putin qarşıdakı təmaslara hazırlaşır”, - Rusiya Prezidentinin mətbuat katibi bildirib .
İyulun 23-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib ki, Moskva və Tehran hərtərəfli strateji əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanmasını başa çatdırıb.
İyulun 13-də Pezeşkian bildirib ki, İslam Respublikası Rusiya Federasiyası ilə əlaqələrin inkişafına bundan sonra da üstünlük verəcək. İlk növbədə, söhbət BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) daxil olmaqla bir sıra beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı fəaliyyətdən gedir.
İyulun 9-da Pezeşkian Putinlə telefon danışığında bildirib ki, Tehran oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində Moskva ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırdır.
Hüseyn İbadlı