“Ermənistan hakimiyyətinin Moskvada baş verən terrorla bağlı münasibət bildirməməsi son günlər gərgin olan Ermənistan-Rusiya münasibətləri ilə bağlıdır”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti hazırda Rusiya ilə məsafə saxlamağa çalışır:
“5 apreldə Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə görüşlər keçirəcək. Düşünürəm ki, Paşinyan da anlayır ki, onun terroru pisləməməsi, xəbərlərin bu şəkildə yayılması Rusiya-Ermənistan münasibətlərini indikindən daha çox pisləşdirə bilər”.
Politoloq hesab edir ki, Paşinyan gec də olsa bir münasibət bildirəcək: “Necə ki, Vladimir Putin prezident seçilən zaman da Paşinyan bir müddət onu təbrik etmədi, lakin sonradan zəng etdi. Çünki anladı ki, bu məsələdə də geciksə, münasibətlərə mənfi təsir göstərəcək. Fikrimcə, bütün bunlar Rusiya-Ermənistan münasibətlərinin indiki gərgin xarakterindən irəli gəlir”.
Xatırladaq ki, KTMT-yə üzv ölkələrin parlament nümayəndə heyətləri birgə bəyanat yayaraq, “Krokus Siti Holl”da törədilən terror aktını pisləyiblər. Ermənistan isə bu bəyanata qoşulmayıb. Dünyanın hər bir yerində terror birmənalı olaraq pisləndiyi vaxtda, İrəvanın susması Ermənistan-Rusiya münasibətlərinin nə qədər gərgin olduğuna işarə edir.
Roza Şəfiyeva