04.07.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Özbəkistan Türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir  

03 iyl 2025 19:00
GÜNDƏM
ads
Advertisement

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, yeni çağırışların təsiri altında monolitliyini və məqsəd birliyini qorumaqda çətinlik çəkir. Elə bir dünya formalaşmaqdadır ki, hansı aktorların xarici təsirlərdən aşırı dərəcədə asılı olduğunu, kimlərin, həqiqətən, müstəqil siyasət yürütdüyünü və öz dövlət maraqlarını qorumağa qadir olduğunu indi hər kəs görə bilir. Bu mənada Prezident İlham Əliyevin ötən il fevralın 14-də andiçmə mərasimindəki çıxışından gətirdiyim bu iqtibas indiki mürəkkəb dövrdə daha böyük anlam daşıyır: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.  

Qardaş Özbəkistan Türk dünyasının ayrılmaz parçası və dəyərli üzvüdür. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri müttəfiqlik münasibətlərimizin təsbiti və ikitərəfli əlaqələrin gücləndirilməsi ilə yanaşı, həm də bu baxımdan olduqca önəmlidir. Azərbaycan və Özbəkistan Liderləri hər fürsətdə xüsusi olaraq vurğulayır ki, dövlətlərarası münasibətlərimizin təməlində qədim və ortaq tarixdən qaynaqlanan milli-mənəvi dəyərlərimiz dayanır. Baxmayaraq ki, bəzi dairələr uzun onilliklər ərzində bu tarixi gerçəkliyi hər iki xalqa unutdurmağa, ən azından arxa plana keçirməyə çalışıb. Prezident Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasında səsləndirdiyi fikir bu gün həm də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir: “Bu gün məhdud dairədə tariximizi çox xatırladıq. Əlbəttə, çox şey əldən verilib.  Amma biz Sizinlə onların yerini doldururuq”.

Heç şübhəsiz ki, tarixi bağlarımız və ortaq dəyərlərimiz xalqlarımız arasındakı isti və doğma münasibəti bütün dövrlərdə qoruyub. Lakin o da danılmaz həqiqətdir ki, bu doğmalığı rəsmi səviyyədə təsbit etmək, onu qorumaq və ortaq dəyərlərimizə uyğun olan səviyyəyə yüksəltmək Liderlərin siyasi iradəsindən və qətiyyətli mövqeyindən daha çox asılıdır. Ötən ilin avqustunda Daşkənddə imzalanan Müttəfiqlik Müqaviləsi Azərbaycan və Özbəkistan Prezidentlərinin siyasi iradəsini, ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrə, eləcə də Türk dünyasının bütövləşməsi prosesinə hər iki Liderin ortaq baxışını ifadə edir. Həqiqətən, Liderin siyasi iradəsi, prinsipial məsələlərlə bağlı ardıcıl və qətiyyətli mövqeyi tarixi düyünləri də çözə bilir. Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Özbəkistan səfirliyi üçün hələ 2001-ci ildə ayrılmış ərazinin taleyi ilə bağlı məsələ bu mənada çox maraqlı,  bədxahlarımız üçün isə olduqca ibrətamizdir. Prezident İlham Əliyevin Özbəkistan Liderinin iştirakı ilə iyulun 2-də mətbuata bəyanatında bununla bağlı verdiyi açıqlama yaddaş bütövlüyünün və əqidə birliyinin, əslində, nə demək olduğunu bir daha hər kəsə xatırlatdı: “Bu yer Heydər Əlirza oğlu tərəfindən ayrılıb, şəhərin mərkəzində, böyük dövlətlərin səfirliklərinin yerləşdiyi ərazidə, eyni zonada, amma ən azı iki onillik, yox, bir qədər az müddətdə, sadəcə, orada boş qalıb, düzünü deyim ki, bu yer üçün çoxlu “ovçular” olub. Mənə dəfələrlə dedilər ki, görürsünüz, Özbəkistan səfirlik tikmir, yer yaxşıdır, layihə budur. Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib. Qərar veriləndə, əminəm ki, bu bina tikiləcək və Şavkat Miromonoviç bundan xəbər tutan kimi, biz aktiv şəkildə qarşılıqlı fəaliyyətə başlayanda, qərar qəbul etdi və indi gözəl bina tikilib”.

Azərbaycan və Özbəkistan Prezidentləri iyulun 2-də məhz həmin ərazidə inşa olunmuş Özbəkistan səfirliyinin yeni binasının açılışında iştirak etdilər. Bu, bir tərəfdən, Ulu Öndər Heydər Əliyev tərəfindən verilmiş qərarların gücünün zamana bağlı olmadığını, digər tərəfdən, tarixi yaddaşın qardaş ölkə rəhbərliyi üçün də nə qədər əhəmiyyətli olduğunu ifadə edir. Özbəkistan Prezidentinin dövlət səfəri çərçivəsində ölkələrimiz arasında kənd təsərrüfatı və ərzaq təminatı, gəmiçilik və gəmiqayırma, sənaye, ticarət, elm və təhsil, sosial müdafiə, gömrük, ətraf mühitin mühafizəsi və digər sahələrlə bağlı mühüm sənədlər imzalandı. Heç şübhəsiz ki, Azərbaycan və Özbəkistan Prezidentləri tərəfindən imzalanan Dövlətlərarası Şuranın ikinci iclasının Qərarı bu sənədlər arasında əlahiddə yer tutur və onların hər birinin əsasını təşkil edir. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol xəritəsi”” isə həm qəbul olunmuş qərarların hərtərəfli icrasına təminat və onlara ciddi nəzarət imkanı verir, həm də müttəfiqlik əlaqələrinin daha da gücləndirilməsinə xidmət edir.  

Dövlət səfəri çərçivəsində Özbəkistan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşündə iştirakı da nəzərdə tutulur. Beynəlxalq statusu olduqca yüksək olan bu mötəbər tədbir məkan və zamanlama baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir, eyni zamanda, bir çox çağırışlara cavab verir. 

Ülvi Quliyev    

Milli Məclisin deputatı

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur