Dəfələrlə edilən xəbərdarlıqlara, həyata keçirilən kütləvi maarifləndirmə tədbirlərinə baxmayaraq, yenə də özbaşına aparılan tikinti-quraşdırma işlərinə dair faktlara rast gəlinir.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) müraciətində qeyd olunub.
Belə ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin keçirdiyi monitorinqlər zamanı tikinti sahəsində qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, o cümlədən tikintisinə müvafiq qaydada icazə alınmadan və ya verilmiş icazənin tələblərinə əməl olunmadan, torpağın təyinatına uyğun gəlməyən tikinti işlərinin aparılması, müvafiq qaydada razılaşdırmadan bina və qurğuların konstruktiv (yükdaşıyan) elementlərində dəyişikliklərin edilməsi faktları aşkar olunur ki, bu da insan həyatı və sağlamlığına təhlükə törətməklə yolverilməzdir.
FHN bir daha vətəndaşlara müraciət edərək tikinti fəaliyyəti zamanı əhalinin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi məqsədilə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməyə və pozuntulara yol verməməyə çağırır, belə faktlar aşkar olunduqda nazirliyin “112” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir.