İranın Kirman şəhərində baş verən partlayışın arxasında kimlərin dayandığı müəmma olaraq qalır. Rəsmi Tehran hadisənin araşdırıldığını, günahkarların cəzalandırılacağını bəyan edib. İsrailə qarşı müəyyən iddialar səsləndirilsə də, partlayışla bağlı rəsmi açıqlamada Təl-Əvivin adı konkret çəkilmir. Baş verənlərin İsrail-İran savaşının bir hissəsi olduğuna dair fikirlər daha çox ekspertlər tərəfindən irəli sürülür.
Publika.az xəbər verir ki, Kirmandakı partlayışdan sonra İsrailin xüsusi xidmət orqanı olan Mossad şefinin açıqlaması xüsusilə diqqət çəkib.
Mossad şefi David Barnea bildirib ki, 50 il öncə olduğu kimi, bu gün də müharibənin içindədirlər.
“Hər ərəb ana bunu bilməlidir: oğlu 7 oktyabr qətliamında iştirak edibsə, bu, özünün ölüm fərmanını imzalamaq deməkdir. Bu gün müharibənin ortasındayıq. Mossad 50 il öncə olduğu kimi, 7 oktyabrda Qəzza sərhədini işğal edən qatilləri cəzalandırmaq məcburiyyətindədir. Onlar özlərinin ölüm fərmanını imzalayıblar”, - Mossad şefi bildirib.
İsrail mediası bu açıqlamaların İrandakı partlayışla bağlı olduğunu, Mossad şefinin sözlərinin İran rejiminə də ünvanlandığını yazıb.
Asif