26.08.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Laçında Qarabağ Universitetinin filialı açılsın! - Deputatdan TƏKLİF

26 avq 2025 13:00
GÜNDƏM
ads

2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürərək Laçın rayonunun işğalına son qoyub. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən hər il avqustun 26-da Laçın şəhər günü qeyd olunur. 

2023-cü il mayın 28-dən başlayaraq Laçın sakinləri öz doğma yurdlarına dönməyə başlayıblar. Laçın şəhəri 571 ailəyə qucaq açıb və 2091 laçınlı öz ev-eşiyinə qayıdıb. Köçürülən ailələrin şəhərdə vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Dövlət Proqramına əsasən, ötən il rayonun Sus kəndinə 59 ailə və 217 sakinin, Zabux kəndinə 217 ailə və 845 sakinin, Bəylik kəndinə 89 ailənin və 363 sakinin köçürülməsi təmin olunub. Ümumilikdə Laçın rayonunda 936 ailə, 3 min 516 nəfər sakinin daimi məskunlaşması təmin edilib.

Bu gün laçınlılar Şəhər Gününü doğma evlərində sonsuz qürur və sevinc hissi ilə bayram edirlər.

Qutb.az-a açıqlamasında Milli Məclisin Laçından olan deputatı Rövşən Muradov bildirib ki, Laçın Azərbaycanın ən gözəl bölgələrindən biridir və hazırda yeni inkişaf mərhələsinə qədəm qoyub:

“Laçın hündür və alçaq dağlarla əhatə olunub, zəngin təbiəti var. Rayonumuz bu gün yeni inkişaf dövrünü yaşayır”.

Deputat vurğulayıb ki, Laçında həyata keçirilən ən böyük layihələrdən biri beynəlxalq hava limanıdır:

“Digər işğaldan azad edilmiş ərazilərdə də hava limanları var. Amma Laçındakı fərqlənir. Bu liman 1800 metr hündürlükdə inşa olunub və MDB məkanında ən yüksək dağlıq ərazidə tikilən aeroportdur. Uçuş zolağı, sərnişin qəbul imkanları beynəlxalq standartlara tam uyğundur”.

Rövşən Muradov gələcəkdə görülməsini istədiyi işlərdən də danışıb. Onun sözlərinə görə, əsas məqsəd insanların məşğulluğunu təmin edəcək layihələrin həyata keçirilməsidir:

“Laçında Qarabağ Universitetinin filialının açılması vacibdir. Gənclər bura üz tutmalı, evlənib məskunlaşmalıdırlar. Bu, rayonun inkişafını sürətləndirəcək. Bitki örtüsü zəngindir, gələcəkdə əczaçılıq fabriki tikilə bilər. Bundan başqa, Laçının su ehtiyatları və müalicəvi suları kurort-sanatoriya istiqamətində inkişaf etdirilməlidir”.

Onun sözlərinə görə, hazırda rayonda tikiş fabriki, sənaye parkları, ayaqqabı istehsalı müəssisəsi fəaliyyət göstərir və ümumilikdə 500-600 nəfər üçün iş yeri yaradılıb. Lakin deputat hesab edir ki, bu, kifayət deyil və daha çox sabit iş yerlərinə ehtiyac var.

Rövşən Muradov şəxsi xatirələrini də bölüşüb:

“1992-ci ilin mayında Laçın işğal olunanda mənim 22 yaşım tamam olurdu. Uşaqlıqda hər yay atamın kəndi Xumartada qalardıq. Oranın havası, təmizliyi, məhsullarının dadı yaddaşıma həkk olunub. Çaydan balıq tutub bişirərdik, kəndin qarğıdalısı, lobyası, qarpızı bal kimi idi. Hər şey çox dadlı və təbii olurdu. İndi isə Laçın yenidən dirçəlir və Azərbaycanın ən böyük rayonlarından birinə çevrilir”.

Deputat əlavə edib ki, Laçınlılar üçün 26 avqustun daha bir önəmi var:

“Laçın şəhər günü Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günü ilə üst-üstə düşür. 2023-cü ildə Mehriban xanım öz doğum gününü Prezident İlham Əliyevlə birlikdə Laçında qeyd etdi. Bu, bizim üçün böyük şərəfdir. Tarixən Azərbaycanın rəhbərləri Laçına səfər etməmişdi, ilk dəfə olaraq Prezident İlham Əliyev oraya ayaq basıb”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur