Tədqiqatçılar Braziliya sahillərində təxminən 45 milyon il əvvəl su altında qalmış tropik ada kəşf etdiklərini təxmin edirlər.
Publika.az xəbər verir ki, 2018-ci ildə Braziliya və Britaniya alimlərindən ibarət bir qrup Rio Grande yüksəlişi kimi tanınan vulkanik yaylanın ətrafındakı dəniz dibini tədqiq edib. Sonra elm adamları inanılmaz dərəcədə qəribə bir halın - dəniz dibindəki qayaların quruya məxsus olduğunu müşahidə ediblər.
Bu haqda “Live Science” məlumat verib.
Tədqiqat zamanı elm adamları okean səthinin təxminən 650 metr altına dalmaq üçün uzaqdan idarə olunan sualtı avtomobildən istifadə ediblər. Sonra alimlərin diqqətini qırmızı gildən qeyri-adi təbəqələr çəkib. Sauthemptondakı Milli Okeanoqrafiya Mərkəzinin dəniz geoloqu, tədqiqatın həmmüəllifi Bramley Mertonun sözlərinə görə, o və həmkarları bu dəniz çöküntülərinin əslində tropik torpaqlara bənzədiyini aşkar ediblər.
Son araşdırmada komanda əvvəlki işləri davam etdirərək yalnız tropik istilik və rütubətdə açıq hava şəraitində əmələ gələn gilin xarakterik mineral tərkibinin öyrənilməsinə diqqəti artırıb. Alimlər hesab edirlər ki, Braziliya sahillərindən 1200 km aralıda yerləşən bu okean uzantısı bir vaxtlar ada olub.
Merton və həmkarları işlərini davam etdirərək qədim adanın ölçüsünə görə İslandiyaya bənzədiyi qənaətinə gəliblər. Rio Grande yüksəlişinin tarixinin təxminən 80 milyon il əvvəl, Cənubi Atlantikanın orta okean silsiləsi altında nəhəng mantiya şleyfinin yerləşdiyi vaxtdan başladığı güman edilir. Bu, yüksəlişlə nəticələnən intensiv vulkanizmin başlanmasına səbəb olub. Vaxt keçdikcə, vulkanik fəaliyyət səngidikcə, yayla Atlantik okeanından qərbə doğru irəliləyərək su altında qalıb.
Tədqiqatın həmmüəllifi, Sao Paulo Universitetinin dəniz geoloqu Luigi Giovane, nəticələrin "gözəl" olduğunu söyləyib. Əslində, qırmızı gillər bu ərazinin bir vaxtlar ada olduğuna dair tutarlı sübutlar verir.
Qeyd edək ki, bu araşdırma hələ 2018-ci ildə başlayan işin kulminasiya nöqtəsi olub. Alimlərin təhlili göstərib ki, adada tapılan qırmızı gil kimyəvi və mineraloji cəhətdən tədqiqatçıların bütün Braziliyada tapdıqları qırmızı torpaq və ya terra roxa ilə eynidir. Bu da onların gəldiyi nəticəyə güclü sübutdur.
Cəmilə