Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığının davamı olaraq, xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı aparılıb.
Bu barədə QÜTB.AZ-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 25 dekabr tarixində Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı həlak olanların ailələrinə və yaxınlarına, Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.
C.Bayramov öz növbəsində bütün həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. O, təyyarəyə ilkin baxışın, təyyarə gövdəsində çoxsaylı dəliklərin olmasının, bələdçilərin və sərnişinlərin ifadələrinin təyyarənin fiziki-texniki xarakterli müdaxilə nəticəsində qəzaya uğradığı faktını təsbit etdiyini vurğulayıb.
Nazir, ən qısa müddət ərzində, beynəlxalq ekspertlərdən ibarət heyətin də iştirakı ilə qəzanın səbəblərinin araşdırılması istiqamətində aparılan işin yekunlaşdırılması, qəzanın səbəblərinin ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunması istiqamətində Azərbaycan tərəfinin gözləntilərini qarşı tərəfin diqqətinə çatdırıb.
Bununla yanaşı, başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılmasının və mütəmadi qaydada ictimaiyyətə məlumat verilməsinin əhəmiyyəti qeyd olunub.
xxx
20:00
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Aktau yaxınlığında baş verən təyyarə qəzasını müzakirə ediblər.
QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Nazirlər bu faciəli hadisənin ən hərtərəfli araşdırılmasının təmin edilməsinin zəruriliyi ilə bağlı prezidentlərin razılıqlarını təsdiq edərək, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıblar.
Tərəflər təyyarənin qəzaya uğraması ilə nəticələnən insidentin bütün səbəblərini müəyyən etməyin zəruriliyi barədə razılığa gəliblər.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev və rusiyalı həmkarı Vladimir Putin Aktau yaxınlığında AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından sonra başlayan araşdırmanın şəffaf aparılacağını bildiriblər.
Dekabrın 27-də Azərbaycanın nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, təyyarənin qəzaya uğramasına səbəb “kənar müdaxilə” olub. Nazirin sözlərinə görə, təyyarənin qalıqları və şahidlərin ifadələri təyyarəyə xarici təsirin olduğunu göstərir.
Hüseyn İbadlı