Mərkəzi Kəşfiyyat İdarəsi HƏMAS-ın yüksək rütbəli liderləri və Qəzzadakı girovların yerləri haqqında əldə etdiyi kəşfiyyat məlumatlarını İsrailə ötürür.
Publika.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
7 oktyabr hücumlarından dərhal sonra yeni əməliyyat qrupunun yaradıldığı iddia edilib.
Qəzetin ABŞ rəsmilərinə əsaslanan hesabatına görə, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın tələbi ilə yaradılan bölmə yalnız HƏMAS-ın yüksək səviyyəli rəhbərləri üzərində cəmləşib.
ABŞ rəsmiləri HƏMAS-ın oktyabrın 7-dən əvvəl 4-cü səviyyəli prioritet olduğunu, lakin hücumlardan sonra 2-ci prioritet səviyyəsinə yüksəldildiyini bildirir. ABŞ administrasiyası 7 oktyabr hücumlarının memarları kimi də görünən Yəhya Sinvar və Məhəmməd Deif kimi yüksək səviyyəli şəxslərin ələ keçirilməsinin İsrail hökumətinə hücumu azaltmağa imkan verəcək bir qələbə kimi qəbul edilə biləcəyi qənaətindədir.
Bununla belə, ABŞ kəşfiyyatının Sinvarı tapması və ələ keçirməsi son dərəcə mürəkkəb bir proses tələb edir. İsrail qüvvələri Livanın paytaxtı Beyrutda HƏMAS rəsmisi Salih əl-Arurini qətlə yetirib. ABŞ administrasiyası Aruri ilə bağlı kəşfiyyat məlumatı vermədiklərini açıqlayıb.
Roza Şəfiyeva