Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində XX əsrin görkəmli ədibi, alimi, pedaqoqu, professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının müzakirəsi və təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova qeyd edib ki, tədbir İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq keçirilib.
"Füzuli ana dili poeziyasının mükəmməl nümunələrini yaradıb, Azərbaycan bədii dilini daha da zənginləşdirib. Bu kitabda şairin poeziyası mükəmməl şəkildə araşdırılıb. Eyni zamanda Azərbaycan rəssam və heykətəraşları da Füzuli əsərlərinə müraciət edib, gözəl nümunələr yaradıblar. Xüsusilə Səttar Bəhlulzadənin Füzuliyə və onun poeziyasına həsr etdiyi əsərlər yaradıcılığının zirvəsi hesab edilə bilər".
Azərbaycan poeziyasında Füzulinin xüsusi yeri, dəst-xətti olduğunu qeyd edən millət vəkili Ceyhun Osmanlı bildirib ki, o, eyni zamanda böyük İslam mütəfəkkiri, alimidir. "Azərbaycanda Füzuli yaradıcılığını ən geniş araşdıran pedoqoq Mir Cəlal Paşayevdir. Onun “Füzuli sənətkarlığı” əsərinin alman dilinə tərcümə olunması isə böyük hadisədir".
Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri Tərlan Quliyev qeyd edib ki, Füzuli türkdilli xalqların ədəbiyyatında böyük sənətkardır. "Belə böyük sənətkar haqda ilk əsərlərdən birini Mir Cəlal Paşayev yazıb. Onun “Füzuli sənətkarlığı” kitabı elmi əhəmiyyətini bu gün də saxlayır və Azərbaycan ədəbiyyatşünaslığında misilsiz yer tutur". Bakı Musiqi Akademiyasının “Musiqi Tarixi kafedrası”nın professoru Zümrüd Dadaşzadə Azərbaycan bəstəkarlarının Füzuli yaradıcılığına müraciəti və “Füzuli sənətkarlığı” kitabının əhəmiyyəti barədə danışıb. "Fikrimcə, bu kitabı bütün musiqişünaslar oxumalıdır".
Təqdimat mərasimində muzeyin kolleksiyasından böyük şairin obrazı və poeziyasını əks etdirən əsərlər nümayiş etdirilib, həmçinin Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasının təqdim edəcəyi Füzuli poeziyasına bəstələnmiş klassik əsərlər və muğam triosunun ifaları səsləndirilib.