Leyla Əliyeva və Arzu Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyinin (AUİB)yeni inşa edilmiş binasının açılışını ediblər.
Leyla və Arzu Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyinin yeni binasının açılışında iştirak ediblər
Qütb.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyinin (AUİB) yeni inşa edilmiş binasının açılışını ediblər.
Leyla Əliyevanın təşəbbüsü ilə tikilmiş binanın açılış mərasimində AUİB-in sədri Kəmalə Ağazadə qonaqlara təşkilatın fəaliyyəti və nəzdində çalışan Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi haqqında məlumat verib. O, yeni binada yaradılan şəraitlə iştirakçıları tanış edib.
Burada həssas qruplardan olan, məişət zorakılığı qurbanı olmuş və baxımsız uşaqların reabilitasiyası və sosial reinteqrasiyası üçün hərtərəfli imkanlar yaradılıb. Mərkəz sosial, tibbi, psixoloji, hüquqi, təhsil və peşə bacarıqlarının inkişafı üzrə xidmətlər təqdim edəcək. Yeni binada 60 çarpayılıq yataq otaqları, mətbəx, yeməkxana, camaşırxana, soyuducu və qida saxlama otaqları, istirahət və asudə vaxt üçün xüsusi bölmələr, tibb və psixoloji yardım otaqları, dərs, musiqi, şahmat, art terapiya sahələri, kitabxana, təlim/seminar otağı, foto və video studiya, akt zalı və sərgi sahəsi mövcuddur. Həmçinin həyətyanı sahə abadlaşdırılıb, ağaclar əkilib və uşaqlar üçün istirahət guşəsi yaradılıb.
Mərkəzdə yalnız Uşaq Sığınacağında yaşayan uşaqlar deyil, həm də gün ərzində müraciət edən həssas ailələrdən olan uşaq və yeniyetmələr üçün müxtəlif xidmətlər təqdim olunacaq. Onların peşə və yaradıcılıq bacarıqlarının inkişafı üçün xüsusi proqramlar həyata keçiriləcək.
Açılış mərasimində Leyla və Arzu Əliyeva Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sakinləri ilə görüşüb, onlara hədiyyələr təqdim ediblər. Eyni zamanda, uşaqlar tərəfindən təkrar emal olunan materiallardan hazırlanan əl işlərindən ibarət “İkinci nəfəs” sərgisi ilə tanış olublar.
Həmin görüntüləri sizə təqdim edirik: