Kürdəmirdə valideynlərin övladlarını odun sobası ilə qızdırılan məktəblərdən çıxarıb istilik olan təhsil müəssisəsinə aparmaları barədə iddialar yayılıb.
QÜTB.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib. Qeyd olunur ki, bir məktəbdən 100-ə yaxın uşaq çıxıb. Belə ki, rayonun bəzi kəndlərində yerləşən, eləcə də 2 və 4 nömrəli məktəblərində təhsil alan şagirdlərin digər məktəblərə aparıldığı deyilir.
Mövzu ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:
“Gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır. Son günlər bəzi media resurslarında Kürdəmir rayonunda valideynlərin odun sobası ilə qızdırılan məktəblərdən övladlarını çıxararaq digər təhsil müəssisələrinə yönləndirdiklərinə dair məlumatlar yayılıb. Bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edilən təhsil müəssisələri odun sobası ilə qızdırılmır. Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseyinin istilik təminatı fərdi qazanxana, Kürdəmir şəhər S.Əliheydərov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin istilik təminatı isə kombi sistemi vasitəsilə normal qaydada həyata keçirilir”.