"Tikinti işləri ilə əlaqədar H-58 dövlət yolunun Kirants (Güney) kəndi ərazisindən keçən hissəsi iyulun 10-dan etibarən avtomobillərin hərəkəti üçün müvəqqəti bağlanacaq.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Yol İdarəsi məlumat yayıb.
Sürücülər bu hissədən H-58-Açarkut-H-58 avtomobil yolu ilə yan keçə bilərlər.
Əlavə məlumat veriləcək.
Xatırladaq ki, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.
Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) - Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.
Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb.
Bundan sonra Qazaxın 4 kəndi Azrərbaycana qaytarılıb.
Hüseyn İbadlı