HƏMAS 7 oktyabr 2023-cü ildə təşkil edilən “Əqsa tufanı” ilə bağlı hesabat dərc edib.
Publika.az xəbər verir ki, “Əl-Əqsa tufanını niyə etdik” başlıqlı 16 səhifəlik hesabatda oktyabrın 7-də baş verənlər, əməliyyatın niyə həyata keçirildiyi və Fələstin məsələsi ilə əlaqəsinin nədən ibarət olduğu yer alıb.
Hesabat İsrailin iddialarını təkzib etmək və faktları üzə çıxarmaq məqsədi ilə hazırlanıb. Hesabatda "Əqsa tufanı"nın İsrailin Fələstin məsələsini ləğv etmək, torpaqları ələ keçirmək və yəhudiləşdirmək, Məscidül-Əqsa və müqəddəs məkanlar üzərində tam hökmranlıq yaratmaq planlarına qarşı çıxmaq üçün zəruri addım və təbii reaksiya olduğu bildirilib.
Hesabatda HƏMAS-ın “Əqsa tufanı” zamanı İsrail vətəndaşlarını hədəf alması ilə bağlı ittihamlara da toxunulub: “Mülki insanları, xüsusilə qadın, uşaq və qocaları hədəfə almaqdan çəkinmək HƏMAS mənsublarının əxlaqi və dini tərbiyəsinin tələbidir. Həmin gün çəkilən videolar və israillilərin sonradan yayılan açıqlamaları göstərir ki, Qəssam döyüşçüləri mülki insanları hədəf almadılar, mülki şəxslərin əksəriyyəti İsrail polisi və hərbçiləri tərəfindən öldürülüb”.
Hesabatda ABŞ və Avropa ölkələrinin İsrailin Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) mühakimə olunmasına da münasibət bildirilib:
“Xüsusilə ABŞ, Almaniya, Kanada və Böyük Britaniya, əgər ədalətə həqiqətən inanırlarsa, Fələstində törədilən bütün cinayətlərin araşdırılması üçün məhkəmə prosesini dəstəkləməlidirlər."
Roza Şəfiyeva