Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harrisin komandası debata hazırlaşmaq üçün onun rəqibi Donald Trampın dublyorunu cəlb edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “The Washington Post”un yazdığına görə, Harrisin köməkçiləri ABC telekanalının studiyasını imitasiya edən debat səhnəsi qurublar. Həmçinin Harrisin ünvanına səslənə biləcək təhqiredici şərhlərə reaksiyanı məşq etmək üçün “Donald Trampın təcrübəli dublyorunu" gətiriblər.
Qeyd edək ki, Prezidentliyə iki namizəd arasında debat sentyabrın 10-da ABC televiziyası tərəfindən Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək. Debatın qaydaları sentyabrın 5-də tam razılaşdırılıb. Mikrofonları söndürülmüş Tramp və Harrisdən rəqibin çıxışını bitirməsini gözləmələri tələb olunacaq, cavab müddəti isə iki dəqiqə ilə məhdudlaşdırılacaq. Sualları yalnız görüşün moderatorları verə biləcək və əvvəlcədən hazırlanmış qeydlərdən istifadə edilməsi qadağan olunacaq.
ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin edilib.