“Bu, əslində təkcə Fransanı narahat edən məsələ deyil. Son bir neçə ildə qonşu İran Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlığını dəfələrlə ifadə edib”.
Publika.az xəbər verir ki, bunu “Armenpress”ə müsahibəsində Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini deyib.
“İranla bir çox məsələlərdə fikir ayrılığımız var, lakin Ermənistan məsələsində həmrəyik. Və əslində, BMT-yə üzv olan bütün dövlətlər bu məsələdə razılığa gəlməlidirlər, çünki BMT Nizamnaməsinə görə, BMT-nin bütün üzv dövlətləri digər üzv dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tanımalı və dəstəkləməlidirlər. Bu, ortaq öhdəlikdir.
Azərbaycanın narahatlığına gəlincə, onlar əmin ola bilərlər ki, bizim Ermənistana tədarük etdiyimiz əməkdaşlıq növü, texnika növləri ölkənin müdafiəsinə yönəlib, onlar sırf müdafiə xarakteri daşıyır”, - Dekotini bildirib.
Onun sözlərinə görə, söhbət Ermənistanın suverenliyini, ərazisini və xalqını qorumaqdan gedir. “Və əvvəldən bəlli idi ki, bizim təchiz etdiyimiz hər şey – silahlar, avadanlıqlar, təlimlər məhz bu məqsədə uyğundur”, – deyə səfir yekunlaşdırıb.
Maraqlıdır, “BMT-nin bütün üzv dövlətləri digər üzv dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tanımalı və dəstəkləməlidirlər” deyən səfirin ölkəsi 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanı niyə dəstəkləyirdi? O cümlədən Ermənistanı “qırmızı xətti” elan edən İran da Azərbaycan torpaqlarının işğalına səssiz qalırdı. Ona görə də, bu iki ölkənin Ermənistan məsələsində həmfikir olması təəccüblü sayılmamalıdır.
Tural