Şair Anar Vəziroğlu televiziya proqramlarının birində Azərbaycan folkloru, ədəbiyyat nümunələri barədə xoşagəlməz fikirlər səsləndirib. “Mənim əlimdə olsa Azərbaycan folklorundan atalar sözlərini və xalq mahnılarını yığışdıraram, hamısı boş sözlərdir”, – söyləyən şair, şifahi xalq ədəbiyyatını da tənqid edib: “Baxırsan mahnıya, deyir qarşıdan iki bacı gəlir. Biri gözümün nuru, bir başımın tacı. Bu nə demək istəyir? Nə ötürür bunlar gələcək nəsilə? Mənim başımda müasirlik yoxdursa, mən bu mahnılarla, deyimlərlə uşağıma nə öyrədə biləcəm?”. A.Vəziroğlu daha sonra “Koroğlu dastanı”nı barədə də subyektiv fikrini bölüşüb: “Mən necə deyim ki, ay camaat gedin Koroğlunu oxuyun? Oxuyanda görəcəklər ki, orada deyir “Dərədə yatmış idim, top atdılar oyanmadım”. Ona tapşırılan kənizləri qoruya bilməyən bir adamdan biz nə öyrənək? Hamısı boş sözlərdir”.
Publika.az xəbər verir ki, Medianews.az Azərbaycan folkloru, atalar sözləri, xalq mahnıları, dastanları barədə söylənən fikirlərə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun münasibətini öyrənib.
Folklorşünas alim qeyd edib ki, A.Vəziroğlu və bu kimi düşüncədə olan insanların bir çoxu folkloru kəlləmayallaq oxuduqları, bəlkə də tərsəməssəb anladıqları üçün ordan heç nə götürə bilməyiblər: “Sizin açıqlama üçün müraciətinizdən sonra internet üzərindən axtarış edib həmin verilişi tapdım, haqqında bəhs etdiyiniz şəxsin Azərbaycan folkloru barədə mövqeyini özüm şəxsən izlədim və dinlədim. Təəssüf hissi ilə bildirməliyəm ki, Anar Vəziroğlu və bu kimi düşüncədə olan insanların bir çoxu folkloru kəlləmayallaq oxuduqları, bəlkə də tərsəməssəb anladıqları üçün ordan heç nə götürə bilməyiblər. Elə verilişdə “Koroğlu” dastanına ironiya ilə yanaşan həmin şəxs nümunə gətirir: “Gözəllik ondur, doqquzu qaçmaqdır”. Əvvəlcə atalar sözlərinin ikisindən sintez edib yaratdığı yeni atalar sözünə görə Anar Vəziroğlunu “təbrik” etmək olar. Amma sintezin uyğunsuzluğuna görə qınamaq da mümkündür. Bir-birinə assimliyasiya olunmuş həmin atalar sözlərimiz isə belədir: İgidlik ondur, doqquzu qaçmaq, biri də gözə-görünməmək. İkinci atalar sözü isə bu cürdür: Gözəllik ondur, doqquzu dondur. İbtidai sinif uşaqlarından soruşsan belə rahatlıqla deyə biləcəkləri bu atalar sözlərini düzgün bilməyən, ya da kəllə-mayallaq anlayan bir adamın folkloru düzgün anaya, yaxud qavraya bilməməsi nəticəsində türk xalqlarının ortaq dastanlarından biri olan “Koroğlu”nu lağa qoymasına təəccüblənmirəm, atalar sözlərini folklorumuzdan yığışdırmasına heyrətlənmirəm, xalq mahnılarımızın havasının sümüyünə düşməməsi qəribəmə gəlmir. Lakin telekanallarımızın sensasiya xətrinə bu cür qonaqlarla verilişlərini reytinqə mindirmək istəyi efir rinqində yerə sərilməklə nəticələnir”.
Dosent E.Məmmədov deyib ki, folklor – şifahi xalq ədəbiyyatı xalqımızın uzunəsrlik təcrübələrindən doğan söz yaddaşıdır, həyat həqiqətlərindən öyrəndiklərinin bal arılarının çiçəklərdən topladıqları nektarlar kimi bal halına gətirilmiş naxışlı pətəyidir: “Bəli, etiraf etmək lazımdır ki, dastanlarımızda, nağıllarımızda, atalar sözlərimizdə, məsəllərimizdə ictimaiyyət arasında səsləndirilməsi, söylənilməsi məqbul olmayan nümunələr də var. Axı ata-babalarımızın da hisslərində haçalanmaların olması təbiidir. Söz varlığımızın paremioloji vahidlərindən olan atalar sözlərində, məsəllərdə, deyimlərdə bu hisslər qısa, yığcam, bədii şəkildə ifadə olunub. Hər kəs də öz mahiyyətinə uyğun olan qədərini yadında saxlayır. İndi Anar Vəziroğlu özünün yaratdığı “Gözəllik ondur, doqquzu qaçmaqdır” atalar sözlərini bəyənmədiyi üçün dədə-babalarımızın yaratdığı atalar sözlərinin hamısını folklordan yığışdırmaq istəyirsə, xahiş edərdim getsin atalar sözlərimizin toplandığı kitabları təkrar oxusun. Heç olmasa “Ata-anasına xeyri olmayanın, elə nə xeyri”, “Ata-ana sözünə baxmayan xoş gün görməz”, “Ata olmasan, ata qədri bilməzsən”, “Böyüyə hörmət vacibdir”, “Qocaya hörmət elə, sən də qocalacaqsan” və sair kimi yüzlərlə el sözlərimizi təkrar oxusun”.
Folklorşünas alim E.Məmmədov şair A.Vəziroğluna bəzi tövsiyələr də edib: “Anar Vəziroğlu bir ata kimi uşağına onu öyrətməlidir ki, atalar həm də belə deyib: El sözü – ata nəsihətidir. Bir də ki, Anar müəllim, “El keçən körpüdən qorxma, sən də keç”. Axı “El səsi – haqq səsi”dir. Bir də unutmaq olmaz ki, “El gözü tərəzidir”. O tərəzidən baxanda anlayırsan ki, atalar boş yerə deməyibn “El öz dəlisini yaxşı tanıyar”. Anar Vəziroğlunun internetdə qarşıma çıxan bir fikrini də xatırlatmaq istəyirəm: “Bəzən danışanda deyirlər ki, hər şey əvvəllər də belə olub. Xeyr! Əvvəllər heç də bu cür olmayıb, o vaxt ağsaqqalın, ağbirçəyin, elin qınağı vardı”. Hörmətli Anar Vəziroğlu, bu qınağın indi də olması sizin kimi efirlərə çıxma imkanları olan şəxslər vasitsəilə davam etdirilməlidir. Həmin o el qınağını, ağsaqqallar və ağbirçəklərin zamanların sınağından çıxmış sözlərinə biganə yanaşmaqla əvvəllər olduğu kimini arzulamaq çətin məsələdir”.