"Bəzən mənə küçədə insanlar yaxınlaşır, deyirlər ki, Akif müəllim, biz övladlarımıza televizora baxmağa icazə vermirik. Dərdlərini mənə deyirlər, elə bilirlər ki, bizim telekanallara gücümüz çatır. Belə televiziya yayımı olarmı? Cəmiyyət necədirsə, o cür də musiqisi, ədəbiyyatı olur..."
Publika.az xəbər verir ki, bu sözləri yenisabah.az-a tanınmış müğənni Akif İslamzadə deyib. Son illər tez-tez tənqid obyektinə çevrilən yerli telekanalların fəaliyyəti ilə bağlı danışan sənətçi durumun acınacaqlı olduğunu bildirib.
Onun sözlərinə görə, televiziya ekranları xalqımızın ən yaxşı xüsusiyyətlərini göstərməlidir, dəyərlər reytinq xatirinə dəyərsizləşməməlidir:
"Mən şəxsən yerli telekanallara baxmıram. Televizoru ancaq futbol matçlarını izləmək üçün yandırıram, bəzən də maraqlı, tarixi sənədli filmlərə baxıram. Hərdən bayramlarda yerli telekanallar arasında gəzirəm ki, bəlkə, qulağım yeni nəfəs, yeni musiqi eşidər, amma təəssüf ki, belə şeylərə rast gəlmək mümkünsüzdür. Efirə çıxanlar da ən zövqsüz geyimləri geyinirlər. Bazarda bu gün nə qədər seçim var, amma müğənnilərimizin beyni hind filmlərindən o tərəfə keçməyib".
Akif İslamzadənin sözlərinə görə, bu tip problemlərin kökündə təhsil sistemi dayanır:
"Telekanallarımızın vəziyyəti acınacaqlıdır. Bir dəfə gəlib gördüm ki, əmim oğlu oturub "Komedixana"ya baxır. 10 dəqiqə gözüm sataşdı, mən də izlədim, elə bir neçə dəqiqə keçmişdi ki, həm rejissorların, həm də aktyorların gününə ağladım, sonra oturan tamaşaçıların gününə güldüm. Bunlar hamısı bərbad təhsil sisteminin "bəhrəsidir". Hər şeyin kökündə təhsil dayanır.
Əvvəllər insanlar konsertdən çıxanda zövq alırdılar, 3 gün gözəl musiqinin təsirində qalırdılar. İndi zaldan çıxan kimi insanlar həyatlarına qaldıqları yerdən davam edirlər.
15 yaşından 25 yaşına qədər qızların gözündə işıq, sevinc, şəfqət olardı, indi isə onların gözündə şəhvətdən başqa bir şey yoxdur..."