31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Əsas hədəf Əliyevdir: Ondan niyə qorxdular?

24 yan 2024 19:00
GÜNDƏM
ads
Advertisement

Avropadan Bakıya qarşı təzyiq dalğası yüksəlir: AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi, Monitorinq Komitəsinə göndərməsi, səsvermə hüququnu alması ilə iki gündür gündəm silkələnir.

Təşkilat bu addımını müxtəlif iddialarla əsaslandırır. Bu iddialar arasında əsas məqamlardan biri 7 fevralda Azərbaycanda keçiriləcək prezident seçkilərinə, guya, AŞPA-dan müşahidəçilərin dəvət edilməməsidir. Və belə görünür ki, məhz əsas məqam da elə seçkilərdir. Əksi olsa, yəni əsas məqam “Laçın” sərhəd-keçid məntəqəsi ilə bağlıdırsa, onda AŞPA Azərbaycan nümayəndə heyəti ilə bağlı ədalətsiz addımını niyə payız sessiyasında yox, niyə indi gündəmə gətirməlidir ki?

Hadisələrin inkişafı Avropadan Bakıya qarşı güclənən təzyiq dalğasının nüvəsində iddia etdikləri “insan haqları” kimi məsələlərin yox, məhz siyasi məqsədlər dayandığını deməyə əsas verir. Və əsas hədəf məhz İlham Əliyevdir.

7 fevral seçkiləri Azərbaycanın siyasi tarixində yeni dövrün başlanğıcı olacaq. Təkcə ona görə yox ki, səsvermə prosesi ilk dəfə Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla, ölkənin hər bir yerində keçiriləcək, həm də ona görə ki, Azərbaycan xalqı öz seçimini artıq İlham Əliyevdən yana edib. İlham Əliyev Vətən müharibəsinə başlayanda, işğal altındakı torpaqları qarış-qarış azad edəndə, Şuşaya bayraq sancanda, Xocalı soyqırımının qisasını alanda, Xankəndidə hərbi parad keçirəndə bu və bundan sonra baş tutacaq bütün seçkiləri qazanmışdı. Azərbaycanın iki əsrlik məğlubiyyət tarixini Qələbəylə dəyişdirən İlham Əliyev bundan sonra istəsə belə, siyasətdən gedə bilməz, çünki Azərbaycan xalqı buna razı olmaz. Xalqın ona zəfəri yaşadan liderdən bir tələbi var: qazandıqlarımızı qorumaq, qələbəni möhkəmləndirmək və əbədi etmək… Təkcə budurmu?

İlham Əliyevin 10 yanvar 2024-cü il Azərbaycanın gələcəyi üçün yol xəritəsi sayıla biləcək, siyasi və milli ideoloji istiqamətlərə işıq tutan mükəmməl müsahibəsi göstərdi ki, ölkənin ərazi bütövlüyünü xalqın arzuladığından da yüksək səviyyədə təmin edən Lider, haqqı olsa da, öz Böyük Qələbəsinin kölgəsinə sığınmaq niyyətində deyil: O, Azərbaycanı növbəti hədəflərə götürməkdə qərarlıdır - əks halda, “Qələbəni istismar etməyin” tələbini qoymaz, arxayınlaşmamağa çağırmaz, gələcək milli hədəflər üçün müzakirələr təklif etməzdi. Halbuki bir yox, min ömür siyasi hakimiyyətini təmin etmiş bir şəxsdir.

Ancaq İlham Əliyev bir daha və bir daha təsdiqlədi ki, onun məqsədi siyasi hakimiyyət yox, xalqın taleyi, gələcəyi, yaxın, orta və uzaq milli hədəfləridir. Bu yolda İlham Əliyev dayanmır, durmur, usanmır – taleyin, tarixin verdiyi fürsət və imkanlardan maksimum istifadə ilə onillər, yüzillərlə yığılıb qalan milli problemləri həll edir.

Amma yenə də təkcə bu deyil!

İlham Əliyevin siyasi həcmi bizim də, qərblilərin də düşündüyündən qat-qat genişdir: bunun konturlarını təsəvvür etdikcə biz nə qədər fəxr edə biliriksə, Avropanın bəzi iddialı və regional siyasi maraqlarını güdən liderləri bir o qədər qorxur, narahat olur, qısqanır!

Kimsə bu fikri yaxın buraxmaq belə istəmir ki, dünənə qədər öz sərhədlərinin daxilində belə milli münaqişə məngənəsində sıxılıb qalan bu kiçik ölkə artıq sərhədlərini aşıb: səsi təkcə Cənubi Qafqazdan deyil, Aralıqdan, Qara dənizdən, Orta Asiyadan, Şərqi Avropadan gəlir; kimsə anlaya bilmir ki, AB-nin siyasi liderinin Afrikada mətbuat konfransında bütün düynanın gözü qarşısında bihörmət edilməsi müqabilində Avropada liderlər artıq İlham Əliyevin təyyarəsini qarşılamaq üçün qırıcılar qaldırırlar; qəbul etmək istəmirlər ki, qlobal güclərin regional iddialarını puça çıxaran İlham Əliyev xalqının, dövlətinin milli maraqlarının təminində bir addım da geri atmır; inanmaq belə istəmirlər ki, bu kiçik ölkə də dünyanı bölüşdürən güclərin “şərikinə” çevrilməkdədir.

Müasir dünya nizamı qurmaq istəyənlərin tələbi budur: kiçik ölkə tam müstəqil ola bilməz, milli maraqlarını israrla təqdim edə, qlobal təzyiqlər qarşısında dayana bilməz.

Ancaq dayanan varmış! Çünki bu kiçik ölkənin təmsilçisinin özü qlobaldır, çoxtərəflidir, siyasi prosesləri yüksək səviyyədə dəyərləndirə, nəticə çıxara, dəqiq proqnozlaşdırma apara, seçimini doğru edə bilir və qətiyyətlidir, özünə, xalqına, dövlətinə və əlbəttə ki, seçdiyi müttəfiqlərinə güvənir. Çünki özü güvənilirdir!

7 fevral seçimlərindən hədsiz qayğılanmalarının səbəbi də budur: Çünki İlham Əliyev 7 fevralda təkcə seçilməyəcək – bütün dünyaya əsl sensasiya təqdim edəcək: 20 il hakimiyyətdə olan bir şəxs 98%-dən çox səslə - xalqın tam dəstəyi ilə növbəti seçkini qazanacaq.

Bu, dünya tarixində olmayıb, yoxdur belə bir nümunə.

Makronda da yoxdur – reytinqinin hansı səviyyəyə düşdüyünü özü də bilir; Şoltsda heç yoxdur – bir ilə reytinqi 25 faizdən də aşağı düşüb və s.

Bu reallıqdır, həqiqətdir: bu reallığı bütün dünya bilir. Yaxşı, istisnasız olaraq, hətta avropalı ekspertlərin özlərinin etiraf etdikləri kimi, “bütövlükdə birləşmiş müxalifətin vahid namizədinin qəti şəkildə rəqib ola bilməyəcəyi” İlham Əliyev komandası seçkilərə niyə beynəlxalq müşahidəçiləri çağırmamalıdır? Niyə AŞPA-dan ehtiyat etməlidir? AŞPA gəlib, hansı “saxtakarlıı” tapa bilər ki, Əliyevin komandası bundan narahat olsun?

Demək, AŞPA-nın gəlməməsi qətiyyən seçkilərin müşahidə edilməsi ilə bağlı deyil; demək, AŞPA-nın dəvət edilməməsinin səbəbi tamamilə fərqlidir.

Bu “fərq” – AB Şurasının, AP-ın, AŞPA-nın Azərbaycana qarşı tutduğu mövqedədir;

Bu, 30 ildir məscidlərimizi yerlə-yeksan edib, qalan bircə məsciddə donuz saxlanıldığını, qəbiristanlıqlarımızın dağıdıldığını, mərmərlərinin daşınıb, metlax əvəzi işlədildiyini, maddi-mədəni sərvətinin talandığını, kəndlərin, şəhərlərin yer üzündən silindiyini, hətta ağacların kəsilib, səhralıqlar yaradıldığını, min kv.km-lərlə ərazinin altına milyon mina döşəndiyini “görməyən” beynəlxalq müşahidəçilərin qəfildən “erməni irsi” üçün Qarabağa gəlmək istəməsi, ancaq burda monitorinq aparıb, yaxşıdan başqa heç nə tapmaması, BMT-də hesabat verməsi və dəhşətə baxın ki, bu hesabatı AŞ-ın, AP-ın, AŞPA-nın görməzdən gəlməsidir!

Bu qədər ədalətsizliyi – beynəlxalq qurumun hesabatındakı bütün müsbət çalarları “görməyən” AŞ qurumları hansı əxlaqla seçkiləri müşahidə edə bilərdi?

Azərbaycan bu ədalətsizliyə qarşı iradəsini ortaya qoydu – gün kimi aydın olan seçki nəticəsinə bu minüzlü qurumun müşahidəçiliyini rədd etdi.

Budur AŞPA-nın hiddəti: qəbul edə bilmir ki, Azərbaycan kimi kiçik ölkə bu qədər təzyiqləri əlinin ardı ilə rədd edir. Və Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməmək kimi inanılmaz ədalətsizliyə əl atır.

AŞPA-dakı nümayəndə heyətimiz artıq qərarını verdi – yəqin ki, nəticəni gözləmədən nümayəndə heyətimizin bu cür demarşı da onlar üçün yeni sürprizdir.

Hansısa nəticələrin olacağını düşünmürük: Avropanın xaraktersiz, buqələmun siyasətini hər kəs artıq əzbər bilir – 7 fevraldan və İlham Əliyevə dünyanın nüfuzlu liderlərinin təbrik zəngi gələndən, yerlərdəki dəqiq nəticəni bir də özləri görəndən və İlham Əliyevə xalqın birmənalı dəstəyinin səviyyəsini növbəti dəfə nəzərdən keçirəndən sonra bu mərhələ bitəcək.

Amma bu savaş bitməz ki! Çünki qarşıda Azərbaycanın milli hədəfləri var.

Biz hər dəfə bu hədəflərə doğru addım atdıqca toqquşacağıq, təzyiqlər güzlənəcək!

Əsas olan geri dönməməkdir, mübarizədən, milli hədəfə doğru yürüməkdən çəkinməməkdir!

Əsas olan İlham Əliyevin 10 yanvarda elan etdiyi və Avropanı ciddi şəkildə narahat edən, Azərbaycan Liderinin qazandığı misilsiz uğurlarla kifayətlənmədiyini əks etdirən və buna görə də Avropa liderlərini “özündən çıxarıb”, emosional-panik qərarlarla ciddi səhvlərə vadar edən iradə, milli yürüş, milli mücadilənin yeni mərhələsidir.

AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu əlindən alıb, mandatını təsdiqləməməsi bilirsinizmi nəyə bənzəyir?

44 günlük savaşda Nikol Paşinyanın Gəncəni, Bərdəni, Tərtəri raketlə vurmasına!

Tam əmin olun – Paşinyanın müharibə əxlaqsızlığı, savaş meydanında kənar qorxaqcasına mülkilərə hücumu ilə indi İlham Əliyevin qabağına çıxan bilməyənlərin deputat komandamıza təzyiqi arasında heç bir fərq yoxdur!

Nəticənin necə olacağını bu müqayisədən də təxmin edə bilərsiniz! Paşinyanı Gəncəni vurması xilas edə bilmədiyi, xalqın arasında “müharibəni dayandırmaq” çağırışı əvəzinə, İlham Əliyevin ətrafında daha sıx birləşmə yaratdığı kimi, eyni mənzərə olacaq!

Paşinyanı Gəncəni vurmağa həvəsləndirənlər eyni səhvi edirlər – onlar Azərbaycan xalqının xarakterini hələ də öyrənə bilməyiblər.

Amma İlham Əliyev bilir!

İlham Əliyev dəqiq bilir ki, millətin iradəsi önündə kimsə duruş gətirə bilməz!

Dəqiq bildiyi üçün də bu milli iradəni 7 fevralda xalqa təsdiqlədib, Yeni Yola başlayır!

Yeni Yolumuzu Tanrı uğurlu etsin!

Aynur Camal


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur