Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri deeskalasiya üçün addımlar atmağa çağırır.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı deyib
“Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatıq. Biz Bakı və İrəvanı təmkin nümayiş etdirməyə, gərginliyi azaltmaq üçün addımlar atmağa və vəziyyətin daha da pisləşməsinə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırırıq”, - Zaxarova qeyd edib.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.
DSX bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Məlumata görə, əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib.