Azərbaycan qeydiyyatlı elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri üçün "Yaşıl Kart" qiymətləri (sığorta haqları) müəyyənləşib.
Publika.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaitinin məbləğinin və Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.
Belə ki, Azərbaycandan Türkiyə və İrana gedən elektromobillər üçün 1 aylıq sığorta haqqı 15 manat, 3 aylıq 40 manat, 6 ay aylıq 60 manat, bir illik sığorta haqqı 80 manat müəyyən edilib. Belarus, Moldova, Rusiya və Ukraynaya gedən elektromobillər üçün 1 aylıq sığorta haqqı 12 manat, 3 aylıq 35 manat, 6 aylıq 60 manat, bir illik sığorta haqqı 70 manat, digər ölkələrə gedən elektromobillər üçün isə 1 aylıq sığorta haqqı 35 manat, 3 aylıq 60 manat, 6 aylıq 80 manat, bir illik sığorta haqqı 150 manat müəyyən edilib.
Bundan əlavə, texnoloji nəqliyyat vasitələri və bu kateqoriyadan olan digər mexaniki avtonəqliyyat vasitələri üçün "Yaşıl Kart"ın müddətdən asılı olaraq qiymətləri (sığorta haqları) müəyyənləşib. Belə ki, Türkiyə və İrana gedən nəqliyyat vasitələri üçün 1 aylıq sığorta haqqı 25 manat, 3 aylıq 45 manat, 6 aylıq 75 manat, bir illik sığorta haqqı 100 manat, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən nəqliyyat vasitələri üçün 1 aylıq sığorta haqqı 20 manat, 3 aylıq sığorta haqqı 40 manat, 6 aylıq sığorta haqqı 60 manat, 12 aylıq sığorta haqqı 80 manat, digər ölkələrə gedən nəqliyyat vasitələri üçün isə 1 aylıq sığorta haqqı 60 manat, 3 aylıq 110 manat, 6 aylıq 180 manat, 12 aylıq sığorta haqqı 250 manat müəyyən edilib.