“Milan”ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda komandanı tərk edəcək.
Publika.az xəbər verir ki, jurnalist Fabritsio Romanonun sosial şəbəkələrdə verdiyi məlumata görə, yaxın həftələrdə Milan rəhbərliyi mütəxəssislə əməkdaşlığa vaxtından əvvəl son qoymaq üçün lazım olan addımları atacaq.
İtaliya A Seriyasında 32 turdan sonra Piolinin yetirmələri 69 xal toplayıb və hazırda ikinci pillədə qərarlaşıb. “Rossonerilər” birinci pillədəki “İnter”dən 14 xal geri qalır. İtaliya çempionatının son beş oyununda “Milan” dörd qələbə qazanıb və bir dəfə heç-heçə edib.
Xatırladaq ki, Pioli 2019-cu ilin oktyabrında Milan komandasına rəhbərlik edir. 2021/2022 mövsümündə “Milan” İtaliya çempionu titulunu qazanıb.