21.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Əhmədin işində kritik məqam

30 mar 2024 08:00
GÜNDƏM
ads

5 nəfəri qətlə yetirən Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. Artıq o, Bakı İstintaq Təcridxanasına qaytarılıb. Bildirilir ki, onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələlik yekun rəy hazır deyil. Həkim rəyi yaxın müddətdə hazırlanaraq, istintaq orqanına təqdim ediləcək. Əhməd Əhmədov bir müddət əvvəl Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.

Bəs diaqnozun dəqiqləşməsi daha nə qədər çəkəcək? Yekunda onun məcburi müalicəyə göndərilməsi mümkünmü?

Publika.az xəbər verir ki, Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov müvəkkili barəsində ekspertizanın rəyindən danışmaq istəməyib. O, "Yeni Müsavat"a bildirib ki, rəy haqda hər hansı bir fikir bildirmək istəmir.

Hadisədən sonra Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur:

"Bu növ ekspertiza təyin edilərkən şəxsin stasionar müayinəsinə zərurət yaranarsa, o, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvafiq tibbi stasionara yerləşdirilir".

Xatırladaq ki, bundan əvvəl ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb. Belə ki, Əhməd Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib. Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. "Ailə üzvlərini niyə öldürmüsən?" sualına cavabda isə Əhməd "çünki belə lazım idi" söyləyib.

Hazırda Psixiatriya Xəstəxanasına yerləşdirilmiş Əhmədin psixi durumu haqqında ziddiyyətli məlumatlar var. Onun bu qətli həyata keçirərkən anlaqlı olub-olmadığı yekun ekspert rəyindən sonra bilinəcək. Əhməd Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli hüquqşünaslar söyləyirlər ki, Əhməd Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə hamısında şübhələr yaranıb. Belə ki, Əhməd affekt vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi. Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir.

Bu arada hazırda Əhməd Əhmədovu qohumlarından heç kim axtarmır. Ona dövlət tərəfindən təyin edilmiş vəkil hüquqi xidmət göstərir. Bundan sonrakı istintaq hərəkətləri zamanı vəkil onu müşayiət edəcək. İstintaq zamanı Əhməd Əhmədov qətllərlə bağlı detalları danışmayıb. Suallara isə lakonik, amma əsəbi cavablar verməklə kifayətlənib. "Balta ilə, bıçaqla vurmuşam" deyərək, əlavə təfərrüat da verməyib.

Qanuna görə, hər hansı bir hadisəni törədərkən anlaqsız vəziyyətdə olan, törətdiyi cinayət əməlinin xarakterini dərk etməyən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.

"Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat"a bildirib ki, şəxsin anlaqsız olduğu sübuta yetiriləcəyi təqdirdə, o, həbsə deyil, stasionar müalicəyə göndərilməlidir: "Şəxsin anlaqlı olub-olmamasını müəyyənləşdirmək üçün ilkin olaraq kompleks məhkəmə ambulator psixiatrik və psixoloji ekspertizası təyin olunur. "Ekspertiza haqqında" Qanuna əsasən, bunun üçün 1 ay müddət ayrılır. Əgər şəxs hansısa xəstəxanada qeydiyyatdadırsa, özünə və ya ətrafına narahatlıq verirsə, həmçinin dindirilməsi mümkün olmursa, o zaman ekspertiza stasionar qaydada aparılır".

Natiq Ələsgərov deyir ki, Cinayət Məcəlləsinin 21-ci maddəsinə görə, hadisəni törədərkən anlaqsız vəziyyətdə olan şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz: "Yəni şəxsdə kəmağıllılıq, xroniki psixi pozğunluq müəyyən edilibsə, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəsini dərk etmirsə və bu barədə ekspertiza rəyi varsa, bu zaman o, cinayət məsuliyyətinə cəlb oluna bilməz".

Bu halda şəxs məcburi müalicəyə yönəldilir.

Xatırladaq ki, fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
133 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur