28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Dissertasiya müdafiələri birpilləli olacaq?

10 yan 2024 13:00
GÜNDƏM
ads
Advertisement

Ötən il ərzində elmi dərəcə alanların statistikasına dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) açıqladığı məlumatlar cəmiyyətdə müxtəlif müzakirələrə yol açıb. Bu müzakirələrdə irəli sürülən təkliflərdən biri budur ki, dünya ölkələrinin təcrübəsi əsas götürülərək, Azərbaycanda da dissertasiya müdafiələri birpilləli olsun. Yəni, fəlsəfə doktorluğu ilə elmlər doktorluğu dissertasiya işləri birləşdirilib birdəfəlik fəlsəfə doktorluğu üzrə müdafiələr təşkil edilsin. Bu təklif nə dərəcədə doğrudur? Xarici təcrübənin tətbiqi Azərbaycan elmində, dissertasiya müdafiəsi prosesində müsbət və ya mənfiyə doğru nəyi dəyişə bilər?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov bildirib ki, AAK-ın ötən ilin sonunda yaydığı məlumat, bir növ cəmiyyətə verdiyi hesabat təşkilatın şəffaf fəaliyyətinin göstəricisidir. Professor deyib ki, AAK-ın qapısı elmi ada iddia edən, elmlə məşğul olan, ümumən bütün ziyalıların üzünə açıqdır və təşkilat müdafiə olunan hər işə vicdanla yanaşır: “Tarix və antropologiya üzrə Ekspert Şurasının sədri kimi onu deyə bilərəm ki, AAK-ın ekspert şuraları müdafiə olunan hər bir işə məsuliyyətlə, vicdanla və səmimiyyətlə yanaşır. Əgər elmi işin uğurları varsa onlar birmənalı olaraq qeyd olunur. Çatışmazlıqlar və nöqsanlar varsa, bu da elmi ada iddiaçının diqqətinə çatdırılır. Elmi işdə yanlışlıq varsa, işin elmi yeniliyi yoxdursa, dövlətin siyasətinin təbliğinə yox, əleyhinədirsə həmin işlər təsdiq oluna bilməz. Söhbət tarix üzrə elmi işlərdən gedir. Bu mənada AAK xeyli vaxtdır ki, şəffaf bir orqan kimi diqqəti cəlb edir”.

Millət vəkili söyləyib ki, AAK-ın işi müdafiələrin bir və ya ikipilləli olması barədə qərar vermək deyil. Tarixçi alimin sözlərinə görə, bu, qanunla tənzimlənir: “Milli Məclisdə “Ali təhsil haqqında” qanun hazırlanır. Bu qanunda da ən çox diqqəti cəlb edən, maraq doğuran, mübahisəyə səbəb olan məsələlərdən biri müdafiənin neçə pilləli olması ilə bağlıdır. Sual edilir ki, müdafiə keçmiş sovetlər birliyindən qaldığı kimi ikipilləli, yoxsa Qərb sistemindəki kimi birpilləli olsun? Qardaş Türkiyə Cümhuriyyətindəki təcrübənin tətbiqi də müzakirə mövzusudur. “Ali təhsil haqqında” qanun layihəsində də müdafiənin birpilləli olması məsələsi əks olunub. Artıq qanun layihəsi bir neçə dəfə müzakirə olunub və bundan sonra da bu müzakirələr davam edəcək. Hamının istəyi yox, mütəxəssis rəyindən doğan nəticədən sonra bu qanun parlamentin müzakirəsinə veriləcək. Xarici təcrübədə nə varsa, dərhal götürüb özümüzdə tətbiq çıxış yolu deyil. Biz bilməliyik ki, bu təcrübə uğurlu olacaq, ya yox. Əgər xarici təcrübəyə istinad etsək, bu gün elə məsələlər var ki, biz ondan imtina etməliyik. Bu baxımdan hələlik Azərbaycanda dissertasiya müdafiələrinin dissertasiya şuralarında həyata keçirilməsi, ondan sonra həmin işin AAK-a göndərilməsi daha düzgün qərardır”.

Deputat A.İsgəndərov hazırda elmi işin müdafiə mərhələlərini də diqqətə çatdırıb: “Dissertasiya işi mövzunun adı ilə bağlı əvvəlcə kafedrada və ya hansısa təşkilatda təsdiq olunur, fakültə Elmi Şurasına göndərilir. Bu Şura işi təsdiq edir. Oradan isə iş Əlaqələndirmə Şurasına göndərilir və təsdiq olunur. Bunun ardınca dissertasiya işinə, yəni iddiaçıya elmi rəhbər təyin olunur. Əgər iddiaçı fəlsəfə doktorudursa ona elmi rəhbər, elmlər doktorudursa elmi məsləhətçi təyin olunur və iş başa çatır. Elmi rəhbər və ya elmi məsləhətçi işi oxuyur, rəy verir. Yekunda iş Dissertasiya Şurasına göndərilir. Şurada isə iş seminara təqdim olunur. Seminar üzləri tərəfindən iş oxunur və Dissertasiya Şurasına təqdim olunur. Şurada dissertasiya işi ilə bağlı opponentlər müəyyən olunur. Nəhayət, elmi iş müdafiə olunur və AAK-a göndərilir. Bəzən AAK-a elmi iş gələndə məlum olur ki, heç mövzunun adı düzgün deyil. Yaxud baxıb görürük ki, saydığım bu instansiyalardan elmi iş formal olaraq keçib. Sual yaranır, necə ola bilər ki, bu qədər instansiyadan iş keçib, amma ən sadə məqamlara heç kim diqqət etməyib? Yuxarıda qeyd etdiyim instansiyalar, şuralar ortaya qoyulan məsələyə, elmi işə yaxşı diqqət etməsələr belə, Ekspert Şurasının gözündən heç nə yayınmır. Bütün elmi işlər belə demək mümkündürsə, süzgəcdən keçir. Əgər istənilən elmi iş, dissertasiya ilə bağlı məsələlər qeyd etdiyim bütün instansiyalarda ədalətli şəkildə öz həllini taparsa, təbii ki, AKK-ın işi bu qədər çətin olmaz. AAK-la bağlı tənqidlər, böhtanlar bu qədər ola bilməz. Amma, AAK-ın ən mühüm cəhəti ondan ibarətdir ki, o, Azərbaycan elminə yad olan, yenilik verməyən dissertasiyaları yaxına buraxmır. Mən əminəm ki, gələcəkdə “Ali təhsil haqqında” qanun qəbul olunsa da, dünya təcrübəsi ilə yanaşı, öz təcrübəmizi, bir xalq olaraq ədalətli mövqeyimizi nümayiş etdirmək baxımdan AAK bizə hələ çox lazım olacaq”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur