Martın 10-da parlamentdə Milli Məclisdə İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmədə bir sıra vacib məsələlər müzakirə olunub. Tədbirdə Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun beynəlxalq səviyyədə daha geniş tanıdılması, bu istiqamətdə QHT-lərin, xalq diplomatiyasının və digər təsisatların rolu vurğulanıb.
Bununla da parlamentdə Qərbi Azərbaycanla bağlı keçirilən dinləmələrin sayı 7-ə çatıb. Qeyd edək ki, bu cür dinləmələr Qərbi Azərbaycana qayıdışla bağlı müzakirələrə təkan verir, yeni ideyaların yaranması, qayıdış prosesi ilə bağlı siyasi, hüquqi bazasının möhkəmlənməsinə imkan yaradır.
Bu konteksdə Qutb.az Qərbi Azərbaycana qayıdışla bağlı təkliflə çıxış edir. Belə ki, növbəti ictimai dinləmələrdən biri Kəlbəcərdə keçirilməlidir.
Kəlbəcər 1993-cü ildən 2020-ci ilə qədər Ermənistanın işğalı altında olub. İşğal dövründə burada ermənilər tərəfindən böyük dağıntılar törədilib, sakinlər doğma yurd-yuvalarından didərgin düşüblər. Bu baxımdan Kəlbəcər və Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıların taleyi arasında oxşarlıqlar var. Hər iki bölgənin sakinləri illərlə doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşayıblar. Buna görə də, Kəlbəcərdə keçiriləcək ictimai dinləmə mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyacaq. Bu görüş, eyni zamanda, Qərbi Azərbaycana qayıdış məsələsinə daha dərin tarixi və emosional kontekst qazandıracaq.
Kəlbəcər coğrafi olaraq Qərbi Azərbaycana ən yaxın bölgələrdən biri olduğu üçün burada keçirilən ictimai dinləmə yalnız mənəvi deyil, həm də praktik əhəmiyyət daşıyacaq. Burada müzakirələr zamanı Qərbi Azərbaycana qayıdış prosesinin yeni aspektləri - məsələn logistik və təhlükəsizlik məsələləri də daha dərindən təhlil edilə bilər. Burada deputatlar, rəsmi şəxslər, ekspertlər, jurnalistlər və QHT nümayəndələri müxtəlif həll yollarını müzakirə edə bilərlər.
Kəlbəcərdə keçirilən ictimai dinləmə beynəlxalq ictimaiyyətə dəqiq mesaj verəcək: Qərbi Azərbaycanın bir addımlığındayıq və qayıdışa hazırıq!
Həmçinin Qərbi Azərbaycana qayıdış prosesində medianın rolunun artırılması təklif edilir. Qayıdış prosesinin beynəlxalq səviyyədə tanıdılması və ictimai rəyə təsir üçün media əsas vasitələrdən biridir. Buna görə Milli Məclisin müvafiq komitəsində “Qərbi Azərbaycana qayıdış prosesində medianın rolu” mövzusunda ictimai dinləmə keçirilə bilər. Bu mövzuda keçiriləcək ictimai dinləmə jurnalistlərin, media ekspertlərinin, dövlət rəsmilərinin və QHT nümayəndələrinin iştirakı ilə baş tuta bilər. Tədbirdə informasiyanın beynəlxalq platformalarda yayılması, sosial mediada effektiv kampaniyaların təşkili və dezinformasiyaya qarşı mübarizə yolları müzakirə oluna bilər. Qərbi Azərbaycana qayıdış mövzusu mediada geniş işıqlandırılsa da, bu cür ictimai dinləmə medianın rolunu dəqiq müəyyənləşdirməyə kömək edəcək.
Hər iki təklifin reallaşması Qərbi Azərbaycana qayıdış prosesinin həm daxili, həm də beynəlxalq aspektdə daha güclü şəkildə gündəmə gətirilməsinə xidmət edəcək.