Son iki ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi iki dəfə artıb. 2022-ci ildə Azərbaycanla Çin arasındakı ticarət dövriyyəsinin həcmi 2.1 milyard dollar olmuşdu. Ötən ilsə bu göstərici təxminən 1 milyard dollar artaraq 3.1 milyard dollara çatıb. Bu statistik rəqəmlər ötən həftə ərzində xeyli şərh olundu. İqtisadçılar diqqəti ona çəkirlər ki, sözügedən ticarət, demək olar, sadəcə Çinin Azərbaycana ixracından ibarətdir. Belə ki, 2023-cü ildə Azərbaycan Çindən 3 milyard 22 milyon dollarlıq məhsul alıb. Başqa sözlə, Azərbaycan və Çinin ticarət dövriyyəsinin 97.5 faizi Çinin Azərbaycana, cəmi 2.5 faizi isə Azərbaycanın Çinə ixracından ibarət olub. Azərbaycanın Çindən idxalında ilk pilləni smartfonlar tutur (240 milyon dollar). Azərbaycanın Çindən idxalının artmasına kömək edən digər bir amil də son zamanlar elektrik mühərrikli avtomobillərə olan marağın artmasıdır. Çinin Azərbaycana satdığı məhsul çeşidi sayca 3 mini aşdığı halda, Azərbaycan Çinə cəmi 112 adda məhsul sata bilib. Azərbaycanın Çinə gerçəkləşdiyi 78 milyon dollarlıq ixracın 46.4 milyon dollar - təxminən 60 faizi təkcə bir məhsulun – neft koksunun payına düşür. Azərbaycan Çinə 20 milyon dollar dəyərində polietilen, 5 milyon dollarlıq yod və 1.2 milyon dollarlıq ventilyasiya qurğuları sata bilib.
Statistika və Gömrük Komitələrinin açıqladığı, yerli internet mediada geniş şərh edilmiş xəbərlərdə başqa rəqəm və faktlarla da tanış ola bilərsiniz. İqtisadçı olmadığmdan digər rəqəmlər mənə çox az şey deyir. Amma məhz smartfon və avtomobillərlə bağlı idxal; neft məhsulları, yod, polietilen ixracı ilə bağlı rəqəmləri saxlamağımın məqsədi var.
Cəmi 10-15 il əvvələ qədər Çinin ixracında əsas yerin smartfon və avtomobil tutacağına kimisə inandırmaq çətin olardı, 25-30 il əvvəlsə buna deyənə sadəcə gülərdilər. 10-15 il əvvəl bu sənaye sahələri Çində vardı, amma ya Qərb şirkətlərinin yığma sexləri tərəfindən, ya da qaçaq, yarımgizli müəssisələrdə istehsal olunur, Qərb şirkətləri ilə müəllif hüquqlarının pozulmasına görə çoxsaylı çəkişmələr davam edirdi. Cəmi 34 il əvvələ aid bir fakt yadımda qalıb. Çinin Almaniyaya ixracında bildiyiniz heyvan bağırsaqları çox mühüm yer tuturdu. Almaniya artan kolbasa istehsalı üçün bu ekoloji təmiz məhsulu idxal etməyə ehtiyac duyurdu. 90-cı illərdə Çin ixracında hansı malların yer aldığını isə yəqin ki, çoxluq yaxşı xatırlayır- nəyi kopyalamaq mümkündürsə, onu da ixrac edirdilər, hətta Azərbaycan xalçasını da.
Amma ölkənin böyümə əzmi vardı, axtarır, dünya iqtisadiyyatında öz yerini tutmağa çalışırdı.
Bir də gözümüzü açdıq ki? o keyfiyyətsiz, ucuz, müəllifliyi oğurlanmış malların istehsalçısı kimi tanıdığımız ölkə dünyaya ən müasir smartfonlar, avtomobillər ixrac edir; kosmosdan tutmuş dənizlərə, dəhlizlərə qədər hər yerdə dünyanın birinci qüdrəti olmağa iddialıdır və çox zaman bunu bacarıb da. Bəlkə də çoxuna bu təsbit ifratmış kimi görünə bilər. Sadəcə bir-iki fakt xatırladaq.
Təxminən 7 il əvvəl Çində adambaşına düşən istehlak normasının 1 dollar müəyyən edildiyi haqda rəsmi xəbər veriləndə buna istehza ilə yanaşanlar olmuş, Qərbdəki, hətta bizdəki istehlak normalarına yaxınlaşmaq üçün illər, bəlkə də 10 illər lazım gəldiyini demişdilər. Ancaq bu rəqəm bilirsiniz nə deməkdir? Günə 1.5 , ilə 558 milyard dollarlıq istehlak gücü! Hesab edin ki, indi o rəqəm iki dəfə artıb, yaxın 10 ildə daha iki dəfə artacaq. Bəs bu nə deməkdir? Və dünyaya nə vəd edir?
ABŞ-ın iqtisadi qüdrətə çevrilməsi necə baş vermişdi? Əvvəlcə daxili tələbatı qarşılamağa çalışır, daxili bazarda Avropa mallarını sıxışdırıb çıxarırdılar. Ölkənin bir ucundan o biri ucuna dəmir və avtomobil yolları şəbəkəsi çəkilir, çaylar və hər iki sahildə okean boyunca yeni limanlar salınır, təyyarə istehsalı belə əvvəllər daha çox daxili tələbat üçün idi. Yalnız daxili bazar müəyyən qədər doyandan və dünya müharibələri sayəsində Avropa sənaye rəqibi kimi sıradan çıxandan sonra ABŞ dünya manifakturası rolunu Britaniyadan - Avropadan təhvil aldı. Amma əhalinin rifah səviyyəsi artdıqca, başqa problem ortaya çıxırdı. Artıq 1970-80-ci illərə doğru ABŞ, sadəcə, ən böyük istehsalçı deyildi, həm də ən böyük istehlak bazarı idi. Bu günəcən də o mövqeyini qoruyub saxlayır. Çinin iqtisadi gücü ilk illər məhz bu bazarı hədəfə almasından qaynaqlanırdı. Yəni Çin daxili tələbatı tam qarşılamadan dünya bazarına çıxıb.
2008-ci il dünya böhranı zamanı ilk dəfə Çin xarici bazarları nəzərə almadan inkişaf etməyi sınaqdan çıxardı - ölkədə çoxsaylı yeni infrastruktur layihələr icra olunmağa, yollar, şəhərlər, limanlar, fabriklər salınmağa başladı. Əvvəl sənayeləşmə əsasən Mərkəzi və Şimali Çinin sahil boyu əraziləri əhatə edirdisə, indi ölkə boyu sənayeləşməyə start verildi. Hələ daxili inkişaf üçün imkanlar bitib-tükənməzdir, məsələn Honkonqla ucqar Şimal-şərq şəhərlərindəki əmlak qiymətlərinin, yaşayış xərclərinin fərqini müqayisə etsəniz, böyük uçurum alınar. Bu fərqlərin aradan qaldırılması üçün həyata keçirilən istənilə layihə yeni inkişaf imkanları deməkdir.
“Çinlilərin istehlak qabiliyyətinin qalxması dünyaya nə vəd edir?” sualının cavabına qayıdaq.
Üç nümunə:
Türk mediasında bir müddət əvvəl maraqlı araşdırma dərc olunmuşdu. Araşdırmaya görə, türk broyler müəssisələri kəsimə getməmiş toyuqların qıçını kəsib tədarük edir, sonra Çinə göndərirlər. Çünki Çində toyuq qıçları delikatedir, tələbat da o qədər çoxdur ki, toyuqları kəsimə göndərməzdən qabaq ayaqlarından məhrum etmək məqbul sayılır.
BBC ərəb xidməti isə Afrikada ildə 6 milyona qədər eşşəyin tələf edilməsi haqda araşdırma dərc edib. Demə, Çin ənənəvi təbabətində eşşək dərisindən hazırlanan jelatin cavanlıq iksiri sayılırmış, üstəlik, həmin jelatin şorbalar hazırlanmasında da geniş istifadə edilir.
Çinlilərin istehlak qabiliyyəti artdıqca, hələ qulaqlarımız bizə qəribə gələn çox belə məlumatlar eşidəcək. Ukraynalı tanınmış jurnalist Dmitri Komarovun “Mir naiznanku” verilişində Çindən hazırladığı silsilə reportajlarda izlədiyim ən maraqlı faktlardan biri məhz ənənəvi Çin təbabətinin yaratdığı istehlak bazarı ilə bağlı idi - ildə təxminən 70-80 milyard dollarlıq bazar. Çinlilər ildə bu qədər pulu eşşək dərisinə, maral buynuzuna, at dırnağına, dağ ot-ələfinə xərcləyir. Bəs bizə nə faydası var? “Azərittifaq”ın sədri Eldar Quliyev bir müsahibəsində deyirdi ki, 1989-cu ildə dərman bitkiləri, cır meyvə ixracından ölkə 300 milyon dollar gəlir əldə edib. Çinlilərin istehlak qabiliyyətinin artması üzümüzə bundan bir neçə dəfə artıq istehlak bazarı açır. Buna əlavə edin bizim mədəmiz üçün olmayan qəribə təamların xammalı üçün xərclənən iki-üç qat artıq pulu. Və istəsək, orda payımız olar. Deyəsən, bu trendləri bilənlər də var. Yəqin ki xatırlayırsınız, antikorrupsiya əməliyyatları zamanı həbs olunanlar arasında eşşək və maral fermaları olanlar var idi. Cinayətləri var, cəzalarını çəksinlər, amma iqtisadi fəhmləri heç də pis deyilmiş.
Smartfon və avtomobillərə gəlincə, axı, deyəsən, çinlilər bizdə kompüter və avtomobil yığma müəssisələri təsis etmişdilər. Taleləri necə oldu?
Kəsəsi, Çin iqtisadiyyatının bundan sonrakı uzun zaman ərzində ixraca yönəlik istehsaldan daxili bazara yönələn iqtisadiyyat keçəcəyini, bununla da 19-cu əsr ABŞ iqtisadiyyatı yolu gedəcəyini nəzərə alın. Güman ki, indiki nəsil Çinin dünyanın ən böyük istehlak bazarına çevrilməsinin şahidi olacaq. İndi necə ki ABŞ və Avropa bazarına çıxmaq böyük imtiyazdır, az qala bütün dünya sənayesi o bazarlar üçün işləyir, yaxın müddətdə belə durum Çində də olacaq. Hazır olsaq, o bazarın tələbatı yalnız neft və qaza deyil, üfüqdə daha böyük imkanlar vəd edir.
Cəmaləddin Quliyev, siyasi ekspert