Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov növbədənkənar prezident seçkilərində səsvermə prosesində iştirak edib.
Publika.az xəbər verir ki, nazir müavini nəvəsi Cavid Qurbanov ilə birlikdə Nizami rayonu Nizami 1-ci seçki dairəsinin 24 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Səsvermədən sonra Gununsesi.info-ya açıqlamasında Cavid Qurbanov Azərbaycanın son 30 illik tarixində fərqli bir gün yaşanıldığını deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqının Zəfər seçkisi ölkəmizin tarixində mühüm siyasi hadisə kimi qalacaq:
“Son 30 ildə ilk dəfə Azərbaycan suverenliyinin tam təmin olunduğu bir seçki prosesi oldu. Bu gün mən seçki məntəqələrində müşahidə etdim ki, seçki hüquq olan vətəndaşlarımız böyük aktivlik ilə bu prosesə qoşulub. Bu isə xalqımızın suverenliyini təmin edən Ali Baş Komandana növbəti böyük dəstəyinin ifadəsidir”.
Cavid Qurbanov qeyd edib ki, Azərbaycan vətəndaşları bu seçkilərə Qarabağın və Şərqi Zəngəzurun azad olunması ilə gedir.
“Bu seçki Azərbaycanın qazandığı tarixi uğurların davamıdır. Azərbaycan həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirilib. Bu baxımdan bugünkü seçkilərin tarixi əhəmiyyəti bir qədər də artır. Azərbaycanın tarixində bu seçkilərin önəmini dərk edən vətəndaşlarımız xüsusi həmrəylik və coşqu ilə seçki məntəqələrinə axışır. Seçkilərdə müşahidə olunan aktivlik Azərbaycan vətəndaşlarının öz ölkəsinin taleyinə biganə yanaşmadığının göstəricisidir”, – deyə o əlavə edib.
Nazir müavini əmin olduğunu bildirib ki, bu seçkilərdən sonra işğaldan azad olunmuş Azərbaycan torpaqlarında quruculuq və bərpa işləri sürətlənəcək, “Böyük Qayıdış” proqramı çərçivəsində insanlar öz doğma yurdlarına dönəcəklər.
(Gununsesi.info)