Türkiyənin Bolqarıstan, Rumıniya və Macarıstana maye qaz satmasından narahat olan və bu sahədə fəaliyyətə başlayan Yunanıstanın planları alt-üst olub.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın maliyyə qəzeti olan “Handelsblatt” Afinanın yaxınlığındakı Revitusa adasında yerləşən anbarlara istinad edərək yazıb.
“Həftələrdir Yunanıstanda heç bir maye qaz gəmisi yanaşmayıb. Ölkə hətta Ukraynaya qaz vermək istəyib. İndi böyük planlar sakitcə basdırılır”, - xəbərdə bildirilir.
Yunanıstan mayeləşdirilmiş təbii qazın (LNG) idxalı üçün terminal şəbəkəsi ilə Cənub-Şərqi Avropada təbii qaz təchizatı mərkəzi olmağı hədəfləyirdi. Tankerlərlə daşınan LNG-nin yenidən qazlaşdırılaraq boru kəmərləri ilə qonşu ölkələrə ixrac ediləcəyi 5 yeni qurğu nəzərdə tutulub.
Lakin hazırda maye qaza tələbat kəskin şəkildə azalıb. Ölkənin yeganə LNG terminalı Afina yaxınlığındakı Revithusa adasında yerləşir. Aprel ayında 5 ildə ilk dəfə ora heç bir qaz tankeri getməyib. Şirkətin məlumatına görə, avqust ayı üçün rezervasiya da yoxdur.
Beləliklə də, 2024-cü ilin ilk rübündə Yunanıstanın Balkan ölkələrinə təbii qaz ixracı əvvəlki ilə nisbətən 95 faiz azalıb.
Roza Şəfiyeva