Bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar dekabrın 28-dən yanvarın 7-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Publika.az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbərinə görə, adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 100-dən çox avtobus buraxılıb, 300-dən artıq əlavə reys təşkil olunub.
Ümumilikdə isə bayram ərəfəsində və bayram günlərində 2681 reys həyata keçirilib, 72 min 615 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Dekabrın 28-dən yanvarın 7-nə kimi 14 min 391 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.