ABŞ-da yetkinlik yaşına çatmayan qızları cinsi əlaqəyə və fahişəliyə məcbur etmək, təcavüz, zorlama və insan alveri ittihamı ilə mühakimə olunan, daha sonra həbsxanada intihar edən Ceffri Epşteyn işinə cəlb edilən şəxslərin adlarının ictimaiyyətlə açıqlanmasına qərar verilib.
Publika.az xəbər verir ki, ABŞ-ın Dairə Hakimi Loretta Preska, işdə adların gizli saxlanılmasına üçün heç bir hüquqi əsas olmadığına qərar verib.
Yanvarın 1-dən etibarən faylların məxfiliyinin çıxarılması əmr edilib. Məhkəmə sənədlərinə görə, Epşteynlə əlaqəli adlardan biri ABŞ-ın keçmiş prezidenti Bill Klintondur.
Bildirilib ki, 77 yaşlı sabiq prezident məhkəmə protokollarına “Con Doe 36” kodu ilə daxil olub. Keçmiş prezidentin adının sənədlərdə 50 dəfədən çox hallandığı bildirilsə də, Klintonun qeyri-qanuni iş gördüyünə dair hər hansı məlumatın olmadığı qeyd edilir.
Lakin Epşteyni ittiham edən Virciniya Giuffre adlı qadının Klintonla Epşteynin Karib dənizindəki adada görüşdüyünü iddia etməsi ABŞ ictimaiyyətində müzakirələrə səbəb olub.
Epşteynin yaxın olduğu adlar arasında Donald Tramp, Bill Qeyts və Şahzadə Endryu da var.
Aysel