ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağataş Kılıç arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı tərəflər “Türkiyə-ABŞ münasibətləri ilə yanaşı, İsrailin Qəzzada davam edən hücumları, Ukraynadakı durum və digər regional məsələlər”i müzakirə ediblər.
“Kılıç və Sallivan prioritet məsələlərdən olan terrorla mübarizə və ikitərəfli gündəm mövzuları ətrafında fikir mübadiləsi aparıblar, regional təhlükə yaradan PKK, FETÖ və İŞİD ilə mübarizədə əməkdaşlıq məsələsini də dəyərləndiriblər”, – agentlik qeyd edib.
Ağ evin press-relizində isə Sallivanın türkiyəli həmkarına “HƏMAS-ın girovlarla haqqında razılaşmanın bir hissəsi olaraq İsrailin dərhal atəşkəs əldə etmək təklifini qəbul etməsinin təcili zəruriliyini vurğuladığı” qeyd olunub. Eyni zamanda, sənəddə danışıqlar zamanı tərəflərin “Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının vacibliyini vurğuladığı və Türkiyə ilə Yunanıstan arasında münasibətlərin yaxşılaşdırılmasını alqışladığı” diqqətə çatdırılıb.