Respublikaçılar: "Bayden vəzifəsindən uzaqlaşdırılmalıdır"
Bakıda taksi qiymətləri niyə bahalaşıb?
Son günlər Bakıda taksi xidməti qiymətlərində bahalaşma müşahidə edilir. Qiymətlərin bahalaşması bir neçə səbəblə izah olunur. Bahalaşmanı taksi sürücüləri də təsdiqləyirlər.
QÜTB.AZ xəbər verir ki, məsələni Trend-ə şərh edən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, yeni qərar qiymət artımına təsir edib.
"Taksi xidməti ilə məşğul olan operatorlar artıq 1999-2000-ci illərin istehsalı olan avtomobilləri sistemdə bloklamağa başlayıb. Bu proses 2010-cu il istehsalı olan avtomobillərə də mərhələli şəkildə tətbiq ediləcək. Bununla taksi fəaliyyəti ilə məşğul olan şəxsdən yeni avtomobildən istifadə edilməsi tələb olunacaq. Həmin şəxslər məcburən ili təzə olan avtomobil almalı olacaq.
Belə avtomobillər də bahadır. Bütün bu xərclərin qarşılığında taksi fəaliyyəti göstərən şəxs ucuz qiymətə sərnişin daşımaq istəmir. Taksi operatorları da sərnişinlərə ekonom, biznes-klas, VİP xidmət təklif edir. Təzə avtomobillə heç kim ekonom xidmətə qoşulmaq istəmir. Belə olduqda qiymətlər bahalaşır. Taksi sürücülərini də qınamaq olmaz", - o bildirib.
Ekspert qeyd edib ki, paytaxtda ictimai nəqliyyat qaydasında deyil.
"Yaxın zamanlarda bu problemin həllini gözləmək olmaz. Bu proseslər paralel şəkildə aparılsaydı, daha yaxşı nəticə əldə etmək olardı. Qəbul edilən qərarlar və qanunlar fonunda taksi fəaliyyəti ilə məşğul olanlar azalır. Bu qərarlar dünyanın bir çox ölkələrində tətbiq edilir. Lakin orada ictimai nəqliyyat yüksək səviyyədə fəaliyyət göstərir və çeşidləri çoxdur.
Əvvəllər taksi ilə 5 manata gedə biləcəyimiz məsafəni indi 8 manata gedirik. Bu da çox ciddi rəqəmdir və taksi xidmətinin bahalaşmasının əyani göstəricisidir", - deyə o qeyd edib.
Qeyd edək ki, Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib.