MTM-in Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlil göstərir ki, cari ilin birinci yarısında Azərbaycanda qeydə alınan orta aylıq nominal əməkhaqqı məbləği 2020-ci il ilə müqayisədə 41,7% və ya 295,1 manat artıb.
QÜTB.AZ MTM-ə istinadən xəbər verir ki, 2023-cü il üzrə ölkədə orta aylıq nominal əməkhaqqı məbləği 933,8 manat təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 11,2 % və ya 94,4 manat çox olub.
Cari ilin birinci yarısında ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% və ya 80,9 manat artaraq, 1002,8 manata çatıb. Ötən ilin birinci yarısında isə bu məbləğ 921,9 manata bərabər olub.
2024-cü ilin I yarısında ölkə üzrə ən yüksək orta aylıq nominal əməkhaqqı Xankəndi şəhərində (1309 AZN) qeydə alınıb. 1268,7 manat ilə paytaxt Bakı ikinci sırada yer alıb. Üçüncü sırada isə 1074,1 manat ilə Daşkəsən rayonu qərarlaşıb. Bu da onu göstərir ki, ilk üçlükdə yer alan bölgələr ölkə üzrə qeydə alınan orta aylıq nominal əməkhaqqı məbləğindən (1002,8 manat) daha yüksək nəticəyə malikdirlər.
2023-cü ilin birinci rübü ilə müqayisədə cari ilin I rübündə orta aylıq əməkhaqqı məbləği ən çox artım (məbləğ etibarilə) Daşkəsən rayonunda (17,4% və ya 159,3 AZN) qeydə alınıb. İkinci sırada 119,7 manat (18,2) artım ilə Naxçıvan Muxtar ResQutb.azsı yer alıb. Hesabat dövründə Bakıda 91,4 manat (7,8%) artım qeydə alınıb və bu göstərici üzrə 5-ci sırada qərarlaşıb.
2024-cü ilin birinci yarısında iqtisadi fəaliyyət növləri üzrə ən yüksək orta aylıq nominal əməkhaqqı məbləği “Mədənçıxarma sənayesi” sahəsinə məxsus olub. Bu sahə üzrə orta aylıq nominal əməkhaqqı məbləği 3702,0 manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 229,8 manat (6,6%) çox deməkdir.
İkinci sırada “Maliyyə və sığorta fəaliyyəti” sahəsi qərarlaşıb ki, burada orta aylıq nominal əməkhaqqı məbləği 441,2 manat (18,1%) artaraq 2878,3 manata bərabər olub. Qeyd edək ki, məbləğ baxımından ən çox artım da məhz elə bu sahədə qeydə alınıb.
Faiz etibarilə ən yüksək artım “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar” sahəsi üzrə qeydə alınıb. Burada artım göstəriciləri 25,3% və ya 224,3 manat təşkil edib.
Əlavə olaraq qeyd edək ki, cari ilin birinci yarısında ölkədə bütün iqtisadi fəaliyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı məbləği 2023-cü ilin birinci yarısı ilə müqayisədə artıb.
Hər üç ölkənin Dövlət Statistika Komitələrinin açıqladığı rəsmi rəqəmlərə görə, 2024-cü ilin birinci yarısında orta aylıq nominal əməkhaqqının həm faiz, həm məbləğ etibarilə ən çox artdığı Cənubi Qafqaz ölkəsi Azərbaycandır. Cari ilin birinci yarısında 2023-cü ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əməkhaqqı məbləği 8,8% və ya 47,6 dollar artıb.
Həmin müddətdə Gürcüstanda 4,3% və ya 28,7 dollar, Ermənistanda isə 5% və ya 33,7 dollar artım qeydə alınıb.