Niderlandda ikili standartların əsas prinsiplərdən biri olması təəssüf doğurur.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.
Deputat bildirib ki, Niderland Parlamentinin İkinci Palatasının Xarici Əlaqələr Komitəsinin yanvarın 18-də keçirilmiş iclasında Azərbaycanla bağlı qərəzli və tamamilə qəbuledilməz fikirlər səsləndirilib:
“Niderlandlı həmkarlarımızın Cənubi Qafqazdakı reallıqları təhrif edən mülahizələri bizim ölkəmizə qarşı qeyri-obyektiv münasibətin hələ də davam etdiyini göstərir. İkili standartların bir çox digər Avropa ölkələrində olduğu kimi Niderlandda da xarici siyasətin əsas prinsiplərindən biri olması təəssüf doğurur. Təəssüf doğuran daha bir fakt da bundan ibarətdir ki, Niderlandın xarici işlər naziri Hanke Bruins Slot deputatların suallarına cavab verərkən absurd ittihamlarla razılaşdığını dolayısı ilə ifadə edib. Nazir Avropa İttifaqının Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu da bildirib. Azərbaycanın guya Ermənistana qarşı ərazi iddiasında olduğu, yeni müharibəyə hazırlaşdığı barədə niderlandlı həmkarlarımızın əsassız mülahizələri ölkəmizə qarşı qərəzin daha bir nümunəsidir.
Prezident müharibənin bitdiyini, ərazi bütövlüyümüzün ve suverenliyimizin bərpasından sonra yeni inkişaf strategiyasına kökləndiyimizi dəfələrlə bəyan edib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərə, eləcə də Ermənistanla həmsərhəd bölgələrə yatırılan milyardlarla vəsait bizim məhz sülhə fokslandığımızı göstərən əsas amildir. Bunu bütün dünyada, o cümlədən Niderlandda da yaxşı bilirlər. Azərbaycan müharibədən sonra irəli sürülən sülh gündəliyinin müəllifidir. Azərbaycana qarşı etnik təmizləmə iddialarının əsassız olduğunu isə Qarabağa səfər edən BMT missiyasının hesabatları təsdiq edir. Əgər niderlandlı həmkarlarımız Ermənistandan qovulmuş azərbaycanlıların öz yaşayış yerlərinə qayıtmasını ərazi iddiası kimi qəbul edirsə, bu, insan hüquq və azadlıqları prizmasından qiymətləndirilməli olan bir məsələdir. Bu gün biz dünya ictimaiyyətindən, o cümlədən Avropa ölkələrinin parlamentlərindən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təşəbbüslərinə dəstək gözləyirik. Lakin bir çox ölkələr və beynəlxalq təşkilatlar tamamilə əks mövqedən çıxış edir. Ermənistanın sürətlə silahlandırılması, parlamentlər və beynəlxalq qurumlar çərçivəsində bizə qarşı qəbul olunan qətnamələr region xalqlarının maraqlarına və sülh gündəliyinə xidmət etmir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, müstəqil siyasət yürütməsindən narahat olmağa əsas yoxdur. Əksinə, müstəqil siyasət yürütmək imkanı mübahisələrin, anlaşılmazlıqların üçüncü tərəflərin müdaxiləsi olmadan sadə həll yollarını tapmaq üçün etibarlı zəmin yaradır”.