21.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Azərbaycan və “Afrika işləri”

16 yan 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Ötən yazılarımızın birində Qərbi Səhra ixtilafı haqda məlumat vermişdik. Yazıda Azərbaycanın Afrikada, xüsusən Şimali Afrikada fəallığının artması səbəbindən bu ixtilafla da maraqlanmalı, Məğrib ölkələri ilə əlaqələrində nəzərə almalı olduğumuzu qeyd etmişdik. Yazının dərcindən sonra müəyyən reaksiyalar səbəbindən “Afrika işləri” mövzusuna yenidən qayıtmaq, ixtilaf haqda daha ayrıntılı məlumat vermək qərarına gəldik.

Əvvəlcə bəzi ümumi məlumatları təkrarlayaq. Qərbi Səhra, Afrika qitəsinin şimal-qərb sahilində yerləşən, seyrək məskunlaşmış 252.000 kv.km-lik ərazidir. Əhalinin sayı haqda müəyyən rəqəmlər səslənsə də, dəqiq statistika yoxdur, çünki səhravilərin bir hissəsi Əlcəzairin cənubundakı Tinduf vilayətindəki düşərgələrdə, bir hissəsi Mavritaniyada məskunlaşıblar.

Bu ərazi Qərb dillərində “Sahara”, klassik ədəbiyyatımızda “Səhrayi-Kəbir” adlanır. Bölgənin səksən faizinə nəzarət edən Mərakeş ərazini öz suverenliyi çərçivəsində görür və Mərakeş daxilində muxtariyyət almasına etiraz etmir, qonşu Əlcəzairin dəstəklədiyi silahlı POLİSARİO Cəbhəsi isə bölgənin ayrılması uğrunda mübarizə aparır .

Münaqişə əslində 1975-ci ildə İspaniyanın “İspaniya Böyük Səhrası”ndan çıxmasından əvvəl həm Mərakeş, həm də Mavritaniya ilə Madrid Sazişini imzalaması ilə başlayıb. Sazişə əsasən, iki qonşu ölkə Səhranı bölürdü, lakin Əlcəzairin dəstəyilə “Polisario” Cəbhəsini quran silahlılar bu razılaşmanı rədd etdilər. Mərakeş və Mavritaniya Beynəlxalq Məhkəməyə müraciət etdi. Beynəlxalq məhkəmənin qərarı ikibaşlı idi; Mərakeşin tarixlə bağlı iddiaları təsdiqlənsə də, ərazinin ana vətənə qayıtması haqda tələblər nəzərə alınmırdı. 1975-ci il oktyabrın 16-da Mərakeş Səhraya doğru “Yaşıl yürüş” təşkil edir. Bəzi qonşuları dərhal Mərakeşi “regionun xəritəsini dəyişməkdə” ittiham etdi (bu, bizə tanış ittihamdır, Azərbaycan ərazi bütövlüyün bərpa edəndə, biz də müəyyən qonşular tərəfindən belə ittihama tuş gəlmişdik).

1976-cı ilin yanvarında Əlcəzairin dəstəyi ilə “Səhra Ərəb Demokratik Respublikası”nın yaradılması elan edilir. Maraqlı olan odur ki, “Polisario”nu quranların çoxunun müstəmləkə dövrü azadlıq uğrunda mübarizə aparmaları haqda hansısa məlumata rast gəlinmir. Əksinə qurucuların bir çoxunun İspaniya müstəmləkə idarələrində təmsil olunması haqda məlumatlar var.

Yazının girişində apardığımız paralelləri davam etdirmək olar.

Ötən yazıların birində “Forbes”-ə istinadən Mərakeşin öz ordusunun təchizatında Azərbaycan nümunəsindən bəhrələnərək haqsız saydığı ərazi mübahisələrini birdəfəlik həll etmək istəməsi haqda məlumat vermişdik.

Lakin bizdən öyrəniləcək məqamlar yalnız ordu quruculuğundakı uğurlardan ibarət deyil. Azərbaycan İslam dünyası üçün nümunəvi addım atıb-itirilmiş ərazilərini geri qaytara bilib, qələbəsinin mübahisələndirilməsi cəhdləri ciddi effekt verməyib. Azərbaycanın azad olunmuş ərazilərdə quruculuq bərpa işləri, öz suverenliyi ilə bağlı prinsiplərdə heç bir diplomatik masada güzəştə gedilməməsi, amma bununla yanaşı əvvəllər Ermənistan xaric bütün qonşularla sıfır problem siyasəti yürütməsi, torpaqlarını azad etdikdən sonra Ermənistanla oxşar siyasətə keçilməsi üçün diplomatik təşəbbüsləri də, fikrimizcə, ixtilafların həli üçün nəzərə alınacaq təcrübədir.

Bizim öyrənəcəyimiz məqamlar da yetərincədir. Regionun öz əhalisi ilə bərabər Mərakeşə reinteqrasiyası üçün həqiqətən ölçüyəgəlməz addımlar atılıb. Səhravilər yalnız etnik baxımdan Mərakeşin əsas icması ilə eyni xalq-məğrib ərəbləridir, lisani-linqvistik baxımdan da mərakeşli ərəblərlə eyni dildə Məğrib ərəbcəsində-darijada danışırlar. Bir sözlə, Əlcəzairin (əvvəllər həm də Müəmmər Qəzzafi rejiminin) dəstəklədiyi və öz ərazisində faktiki olaraq bəslədiyi silahlı elita istisna olmaqla, sıravi səharvilərin vahid Mərakeş cəmiyyətinə inteqrasiyası problemsizdir. Həmin elitanın inteqrasiyası üçün də uyğun şərt təklif olunub-bərazi muxtariyyəti. Yeri gəlmişkən, bu təklif beynəlxalq birlik, o cümlədən 2007-ci ildən bəri BMT tərəfindən də problemin həlli üçün ideal variant və ya keçid mərhələsi kimi qəbul olunmaqdadır.

Bir asanlaşdırıcı amil də odur ki, Mərakeşdə hakimiyyətdə olmuş sülalələrin çoxu səhravi mənşəlidir, yəni bölgəyə öz doğma kiçik vətənləri kimi yanaşmaq Mərakeş hakimiyyətləri üçün həmişə prioritet olub.

Bölgədə indi 22 xarici dövlətin konsulluğu fəaliyyət göstərir. Konsulluq açan dövlətlər arasında çağdaş dünya nizamının müyyənləşməsində aparıcı rol oynayan Qərb ölkələri də var. Artıq Afrika İttifaqının bəzi ölkələri də burda öz konsulluqlarını açıb. Bu da mühüm amildir, çünki özünü “SƏDR”(Səhra Ərəb Demokratik Respublikası) elan etmiş qurumun əsas beynəlxalq dəstəyi Afrika qurumlarından gəlir.

Belə dəstəksə səbəbsiz deyil. Sirr deyil ki, Afrikada müstəmləkəçiliyin ləğvi dünyanın iki qütbə (Qərb və Sovet İttifaqı qütbləri) bölündüyü illərə təsadüf edirdi. Əvvəldən müstəqillik atributlarına malik Mərakeş kimi dövlətlər avtomatik Qərb qütbündə, azadlıq hərəkatları sayəsində müstəqil olmuş, çox zaman bu hərəkatda sosialist düşərgəsinin mənəvi-ideoloji, maddi, bəzən də birbaşa hərbi dəstəyini (Kuba və sovet hərbçiləri vasitəsilə) alan yeni dövlətlər isə bir qayda olaraq Şərq-sovet qütbündə yer alırdı. Afrika İttifaqı xeyli dərəcədə sovet təsirində idi, Sovet İttifaqının müttəfiqi olan Əlcəzair və Liviyanın anti-Mərakeş təşəbbüsləri də bu qurumda rahatlıqla dəstək qazanırdı.

Mərakeş Səhrasının reinteqrasiyasına kömək edəcək layihələrin icrası üçün beynəlxalq donorların cəlbi təcrübəsi də maraqlıdır. USAİD bölgəyə 3 milyarddan çox vəsait ayırmağa hazır olduğunu bəyan edir. Ərəb Körfəzi Şurasına üzv dövlətlər bölgəyə maraq göstərir, böyük investisiya layihələri təklif edirlər.

Əsasən isə Mərakeş özü bura çoxmilyonluq yatırımlar qoyur, layihələr həyata keçirir. İşğaldan sonrakı müddət ərzində təhsil alan səhravilərin sayında 30 dəfə artım var. Bölgədə texnopark, ali təhsil müəssisələri, iri klinikalar açılıb. Xarici konsulluqlar regionun iki şəhərində-Layun və Dəhlə arasında paylaşılıb və s..

Mürəkkəblik. Afrikada müstəmləkəçiliyin bitməsi avtomatik olaraq işğal olunmuş ərazinin qaytarılması və ya vahid dövlətin müxtəlif Qərb dövlətləri arasında bölüşdürülmüş ərazilərinin geri qaytarılması ilə müşayiət olunmayıb. Sərhəd ərazi mübahisələrindən qaçmağın uzun danışıqlar yolu ilə deyil, keçmiş müstəmləkələrin ucdantutma müstəqil olma hüququnun, ərazilərin dəyişməzliyi (uti-Prossidetis Juris*) prinsipinin tanınması ilə həll edilib. Yəni etnik və ya tarixi xəritə deyil, keçmiş müstəmləkə xəritəsi əsas alınıb. Beynəlxalq qurumların Mərakeş Səhrasına yanaşması da belə olub. Ərazinin min ildən çox zaman ərzində Mərakeş ərazisi olması, səhravilərin dil, məişət, mədəniyyət, etnik kimlik baxımdan mərakeşlilərlə eyniyyəti deyil, İspaniya Böyük Səhrasının Mərakeşdən fərqli idarəçiliyə tabe olması amili qabardılıb.

Yeri gəlmişkən, beynəlxalq sənədlərdə “Qərbi Böyük Səhra (Qərbi Sahara)” toponimi keçsə də, Mərakeş bu adlandırılmanı qanunsuz hesab edir, çünki bu, 1975-də elan edilən və Mərakeşin separatçı saydığı SƏDR-in adına işarə edir. Regionun tarix toponimi Vadi-əz Zəhəb və Saqiyə-l-Həmradır. Təbii ki, Azərbaycan KİV-lərində də əsasən “Qərbi Böyük Səhra” toponimindən istifadə edilməsi Mərakeş nöqteyi-nəzərindən yanlışdır. Hər halda Məğribi, Afrikanı daha çox sovet dövründən qalma dərsliklərdən tanımağın yanlışlarının, həmçinin iki ölkə mediası və ekspertləri arasında fikir mübadiləsinin, faktiki, yox səviyyəsində olmasının fəsadları da öz təsirini göstərir.

Mərakeş Şimalda və Atlantik sahillərində digər itirilmiş əraziləri tədricən geri qaytardığı kimi sözügedən regionunu da qaytarmağa iddialıdır və yuxarıda qeyd etdiyimiz kimi bu işi faktiki olaraq yekunlaşdırıb. Məsələnin tam diplomatik həlli üçün müəyyən əngəllər hələlik qalsa da.

Mərakeş vaxtilə icmaların, qəbilələrin Rabat sarayına etdiyi biətlərə (yəni İslam hüququna), eləcə də vahid vergi –gömrük sisteminin mövcudluğuna, digər dövlətlərlə anlaşmalarda həmin ərazinin Mərakeş torpağı kimi tanınmasına və s. istinad edib. Afrika İttifaqı isə qonşuların və keçmiş müstəmləkəçilərin təhriki ilə mübahisələrə son qoymaq üçün referenduma gedilməsi zərurətindən bəhs edib. Amma hansı əhali ilə necə referenduma gedilə bilər? Axı ərazidə nə qədər əhali olduğu, nə qədər səhravinin Əlcəzairdəki düşərgələrdə yaşadığı, nə qədər əhalinin yerli səhravi olması, nə qədərinin digər Avropa müstəmləkələrindən gətirilmə olması və s. haqda dəqiq statistika yoxdur. Yadınızdadırsa, bizim qarşımıza da referendum tələbi qoyanlar az qala Suriyadan gələn ermənilərin də Qarabağda yaşamaq və səsvermədə iştirak haqqından bəhs edirdilər.

Region Mərakeşin Afrika, xüsusən Sahel və Sudan (Mərkəzi Afrika) regionları ilə bağlarını təmin edir; məlik II Həsənin bir zamanlar dediyi kimi, region “Mərakeş ağacını Afrikaya bağlayan köklərdir”.

Qonşuların marağı: 1963-cü ildə indi özünü SƏDR adlandıran qurum yerləşən ərazi –Tinduf da mübahisəli idi. O region “Fransız Mərakeşi” kimi tanınırdı, Fransanın gedişindən sonra əraziyə həm Əlcəzair, həm Mərakeş iddia edirdi. Amma yuxarıda dediyimiz postmüstəmləkə prinsipinin tətbiqi ilə ərazinin Əlcəzairə məxsus olması tanındı. Ola bilsin ki, həmin ərazilərdəki düşərgələrin idarə olunması məsuliyyətinin özünü SƏDR elan edən quruma buraxılmasının bir səbəbi də budur.

Mübahisələndirilən regiona nəzarət etmək Atlantik okeana, Sahel və Mərkəzi Afrikaya çıxış-tranzit imkanları da deməkdir. Belə bir çıxışlara nəzarət etmək, əlbəttə ki, çoxlarının, o cümlədən qonşuların da marağındadır.

Azərbaycan-Mərakeş əlaqələri: Azərbaycan ötən il ərzində iki dəfə rəsmi səviyyədə Mərakeşin ərazi bütövlüyünü dəstəkləyən (bu, Rabatda Səhra problemində birmənalı dəstək kimi qiymətləndirilir) açıqlama ilə çıxış edib.

Azərbaycanın mövqeyi aydındır. Əvvələn, Azərbaycan ərazi bütövlüyü, xüsusən müstəmləkə irsi olaraq qalmış ərazi bütövlüyü probleminə yetərincə həssas yanaşır.

İkincisi, Azərbaycanın bütün müstəqillik tarix boyunca Mərakeş Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verib. İƏT-in Azərbaycanla bağlı diplomatik mövqeyimizi gücləndirən bəlli qətnamələrinin qəbul olunması 1994-cü il Kasablanka sammiti ilə başlayır. Həmin sammit adından bəlli olduğu kimi Mərakeşdə keçirilmişdi, o mövqeyin ortaya çıxmasında Mərakeşin pərdəarxası diplomatik fəallığının da rolu əvəzsiz idi.

Üçüncüsü, Azərbaycan və Mərakeş bəzən eyni haqsız ittihamlarla da üzləşir. Məsələn, Azərbaycanın İsraildə çoxsaylı diasporu (Azərbaycandan köçmə müxtəlif icmalara məxsus yəhudilər, əsasən də dağ yəhudiləri) olduğu kimi Mərakeşin də İsraildə çoxsaylı icması var. “Mizrahim (şərqli)” deyilən yəhudilərin çoxu Mərakeş əsillidir. Dağ yəhudiləri Azərbaycan- İsrail əlaqələrində hansı rol oynayırsa, mizrahimlər də İsrail- Mərakeş əlaqələrində eyni rol oynayır. Mərakeş Konstitusiyası yəhudiləri milli azlıq kimi qəbul edir. Ölkədə yalnız Afrika üçün deyil, dünyanın aparıcı dövlətləri üçün belə ibrət olacaq səviyyədə multikultural, tolerant mühit var. Köçüb gedənlər bu gün İsrail vətəndaşları olsalar da, özlərinin və ya ata-babalarının yurdu olan Mərakeşi də unutmurlar, sərbəst get-gəl imkanları var. Azərbaycanın bəzi qonşuları bizdə tolerantlığa qarşı hansı iyrənc təbliğat aparırsa (məsələn, azərbaycanəsili israilli jurnalist mərhum Arye Qut xərçəngdən vəfat etdikdən 6-7 ay sonra da bir farsdilli nəşr onu Azərbaycan siyasətini müəyyən edən “dövlət müşaviri” kimi təqdim edirdi), bizdən daha betərini Mərakeşə qarşı aparırlar. Həm öz qonşuları, həm də özünü “fələstinlilərin yeganə hamisi” kimi təsəvvür edən cənub qonşumuz tərəfindən. Bəli, bir zamanlar “artsax xalqının təhlükəsizliyini” öz “qırmızı cizgisi” elan edən qonşumuz həm birbaşa, həm də proksiləri (Hizbullah) vasitəsilə POLİSARİO-nu da dəstəkləyir.

Dördüncüsü, Azərbaycan öz resursları və imkanları Mərakeşin Qafqaza, Şərqi Avropaya və Mərkəzi Asiyaya, Mərakeş isə Azərbaycanın Sahel, Aralıq dənizi ölkələri, Mərkəzi Afrika və Məğribə çıxış imkanları deməkdir.

Lakin sadalananlar Azərbaycanın “Afrika işləri”ndə tərəf olması mənasına gəlmir. Azərbaycan beynəlxalq hüquqa, İslam həmrəyliyinə, müsəlman Şərqi, o cümlədən Məğrib ölkələri ilə çoxəsrlik tarixə söykənən əlaqələrin qorunmasına sadiqdir və öz milli maraqlarını daim bu çərçivə ilə uzlaşdırır.

* beynəlxalq təcrübədə təsbit olunmuş bu prinsipə əsasən, müstəqillik əldə etmiş yeni dövlətlər əvvəllər malik olduqları eyni ərazi və sərhədlərə malik olmalıdır. Yəni əvvəllər mövcud olmuş köhnə inzibati sərhədlər yeni yaranmış müstəqil dövlətin ərazisini müəyyən edən beynəlxalq sərhədə çevrilir.

Cəmaləddin Quliyev, siyasi ekspert


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
133 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur