Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Asambleyasında fəaliyyətini qeyri-müyyən müddətə dayandırdı. Bu addım AŞPA-da anti-Azərbaycan fəaliyyətə qarşı rəsmi Bakının adekvat həmləsidir. Çünki Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklifin gündəmə gətirildiyi təşkilatda məqsəd Bakıya qarşı siyasi təzyiq planının icrasından başqa bir şey deyil.
Baş verənlər fonunda Azərbaycan nümayəndə heyətinin qəbul etdiyi qərar doğru gedişdir.
Birincisi, AŞPA illərdir Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir və rəsmi Bakının əməkdaşlıqla bağlı bütün cəhdlərinə baxmayaraq, təşkilat haqsızlığından əl çəkmir;
İkincisi, bu təşkilat erməni lobbisi və anti-Azərbaycan şəbəkəsinin Bakıya qarşı hücum platformasına çevrilib;
Azərbaycan nümayəndə heyətinə qarşı atılan son addım isə artıq körpülərin yandırılması hesab edilə bilər. Və bütün bu təzyiqin kökündə iddia etdikləri “insan haqları” kimi amillərin yox, məhz Qarabağ məsələsinin dayandığı, məqsədin də erməni maraqlarının müdafiəsi və bu maraqlar naminə Azərbaycana təzyiq etmək olduğu bəllidir. AŞPA-nın Bakıya qarşı irəli sürdüyü “Qarabağdan erməni əhalisinin zorla çıxarılması” ittihamı təşkilatın məqsədini ifşa edir. Bunun fonunda sual yaranır: Ermənistanın 30 il ərzində apardığı işğal siyasətini görməyən, hətta bir çox hallarda işğalçıya dəstək verən, torpaqlarımızda işğala son qoyulduqdan sonra isə rəsmi Bakıya qarşı hücuma keçən bir təşkilatda təmsil olunmaq Azərbaycana lazımdırmı?!
Xeyr, çünki AŞPA son addımları ilə ikiüzlülüyünü ortaya qoydu.
Azərbaycan nümayəndə heyətinin bəyanatında yer alan faktlar bunun ispatıdır:
- Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi. Bu ümidlər nətixə vermədi.
- 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövlətdən - Ermənistandan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etməyib. Etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlik edilib.
- 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir.
- AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsü də bu çirkin kampaniyanın tərkib hissəsidir.
Azərbaycanda AŞPA-ya 23 il dözüb və bu illər ərzində təkcə beynəlxalq hüququn aliliyinin qorunması istiqamətində yox, həm də təşkilat daxilindəki maraqlı qrupların ədalətsizliyinə qarşı mübarizə aparmalı olub. İllərdir erməni işğalını gündəmə gətirməkdən imtina edən AŞPA-nın bu gün Qarabağdan danışması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına qarşı çıxması bu təşkilatın öz prinsiplərindən uzaqlaşdığı, ümumiyyətlə praktiki fəaliyyətini maraq qruplarının istəkləri üzərində qurduğunu göstərir. Azərbaycana qarşı qərəzli kampaniyanın məhz indi – seçki ərəfəsində edilməsi də maraq qruplarının sifarişindən başqa bir şey deyil. Məqsəd seçki mühitini pozmaq, seçkilərin demokratik prinsiplərə uyğun keçirilməsinə kölgə salmaqdır.
Azərbaycan nümayəndə heyətinin maraq qrupların əlində oyuncağa çevrilən AŞPA-da fəaliyyətini dondurmaq qərarı əslində bütün bu ədalətsizliyə qarşı atılan addımdır. Bu qərardan Azərbaycan yox, AŞPA-nın özü itirəcək.
Asif Nərimanlı