Almaniya ticarət gəmilərini “Ansar Allah” hərəkatının (husi) qüvvələrinin hücumlarından qorumaq və Qərb koalisiyasının əməliyyatlarında iştirak etmək üçün “FGS Hessen” freqatını Qırmızı dənizə göndərir.
Publika.az xəbər verir ki, bu barədə “Tagesspiegel” qəzeti məlumat yayıb.
Hava hücumundan müdafiə sistemi ilə təchiz edilən gəminin fevralın 1-də bölgədə olması gözlənilir.
Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmənin husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və Fələstin anklavında əməliyyat dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.
Buna cavab olaraq ABŞ səlahiyyətliləri gəmilərin naviqasiya azadlığını və təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” (Rifah Mühafizə Əməliyyatı) əməliyyatına başlayıblar.
Daha sonra ABŞ və Böyük Britaniya Yəməndə husilərin mövqelərinə aviazərbələr endirib.