Sidney Texnologiya Universitetinin alimləri çirkli havada tapılan maqnit hissəciklərinin alzheimer xəstəliyinə səbəb ola biləcək qədər təhlükəli olduğunu aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Environment International" jurnalında dərc olunan məqalədə qeyd olunub.
Əvvəlki araşdırmalar göstərib ki, havanın yüksək səviyyədə çirkli olduğu ərazilərdə yaşayan insanların alzheimer xəstəliyinə tutulma riski daha yüksəkdir. Dəmir oksidi birləşməsi olan maqnit də alzheimerdən əziyyət çəkən insanların beynində çox böyük miqdarda özünü biruzə verib.
Təcrübədə sağlam siçanlar və genetik olaraq alzheimer xəstəliyinə meylli siçanlar dörd ay ərzində dəmir, maqnetit və dizel karbohidrogenlərinin çox incə hissəcikləri ilə əhatə olunublar. Müşahidə nəticəsində alimlər aşkar ediblər ki, maqnetit alzheimerə xas olan ən davamlı patologiyalara səbəb olur. Patologiyalara beynin yaddaş üçün vacib bölgəsi olan hipokampusda və hisslərdən gələn siqnalların işləndiyi somatosensor korteksdə neyron hüceyrələrin itirilməsi daxildir. Artıq bu xəstəliyə meylli siçanlarda amiloid lövhələrinin əmələ gəlməsinin artması müşahidə edilir.
Maqnetit kifayət qədər ümumi hava çirkləndiricisidir. O, yüksək temperaturlu yanma prosesləri nəticəsində istehsal olunur və avtomobillərin işlənmiş qazları, meşə yanğınları və kömürlə işləyən elektrik stansiyaları, eləcə də əyləc yastığı sürtünməsi və mühərrik aşınması nəticəsində yaranır.
Cəmilə