Türkiyənin maliyyə qurumları hazırda ABŞ hakimiyyətinin təzyiqi ilə qida ilə bağlı əməliyyatlar istisna olmaqla, Rusiya ilə ticarət əməliyyatları həyata keçirməkdən imtina edirlər.
Publika.az xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti ixracatçılardan alınan məlumatlara istinadən yazıb.
Nəşrin məlumatına görə, Ankara və İstanbuldakı amerikalı diplomatlar yerli şirkətlərə və banklara baş çəkərək, Rusiya ilə ticarətin nəticələri barədə xəbərdarlıq ediblər.
Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov RİA Novosti ilə söhbətində bu hərəkətləri ABŞ tərəfindən türk biznesinə qarşı “terror” adlandırıb.
“Aydınlık” həmçinin qeyd edir ki, Amerika rəsmiləri Rusiya ilə iş aparan türk bizneslərini sanksiyalarla hədələyiblər.
Yanvarın 1-dən türk ixracatçıları bankların Rusiyadan pul köçürmələrini qəbul etməkdən imtinaları ilə üzləşib. RİA Novosti mənbəsinin məlumatına görə, problem qismən ABŞ-ın sanksiyalarla bağlı Türkiyəyə təzyiqi ilə bağlıdır.
Türkiyənin Ticarət Nazirliyi məsələni öz üzərinə götürüb və Moskva Ankara ilə dialoq aparır. Ölkənin prezident administrasiyasındakı mənbə RİA Novosti-yə bildirib ki, Türkiyə tərəfi Rusiya ilə ödəniş köçürmələrində mövcud problemlərdən rəsmən xəbərdardır, vəziyyəti fəlakətli hesab etmir, iki ölkənin müvafiq departamentləri vəziyyəti həll etmək üçün çalışırlar.
Tural