Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyindəki Saatlı rayonu Əlisultanlı kənd orta məktəbin şagirdi Aysel Səfərova 300 bal toplamaqla ən yüksək nəticəni göstərən 11-ci sinif məzunlarından biridir.
Qutb.az-ın məlumatına görə, "Azərbaycan müəllimi"i ilə təəssüratını bölüşən A. Səfərova bildirib ki, 4-cü ixtisas qrupu üzrə hazırlaşır:
“9-cu sinifdə buraxılış imtahanında 289 bal toplamışam. 11-ci sinifdə isə buraxılış imtahanında 100 faizlik nəticə göstərəcəyimə dəqiq inanırdım. Bunu 300 bal toplamaqla sübut etdim. Bu nəticəyə görə çox xoşbəxtəm. Ən böyük arzum cərrah olmaqdır. İki dəfə biologiya fənni üzrə respublika fənn olimpiadasında qalib olmuşam. Həmçinin intellektual yarışlarda respublika, regional və rayon birincisi adını qazanmışam. Kiçik yaşlardan şagird qarşında hədəf olmalıdır, çünki hədəf olmadan heç bir nəticəyə nail olmaq olmur. Hədəf olanda insan daha çox motivasiya hiss edir və bu ona stimul olur. Məsuliyyətli, dərslərdə diqqətli olmaq, müəllimə diqqətlə qulaq asmaq , verilən bütün tapşırıqları vaxtında yerinə yetirmək uğura aparan ən böyük faktorlardan biridir”.
Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş keçirilən buraxılış imtahanında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.